“Hollywood Cinema Club”la bağlı iddialara RƏSMİ CAVAB

“Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri adından edilən şikayətlərlə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılıb”. Bu barədə Oxu.Az-a Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib:

“Araşdırma zamanı məlum olub ki, bina sakinlərindən birinin şikayətləri var və bu şikayətin səbəbi sahibkarlıq subyektinin sahibi ilə aralarında yaranan əmlak alqı-satqısına görə anlaşılmazlıqdır”. 

E.Hacıyev vurğulayıb ki, sahibkarlıq subyektində hazırda təmir-bərpa işləri aparılır, səsin kənara çıxmaması üçün ötən ilin noyabrından izolyasiya işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir:

“Vətəndaşların şikayətlərinə baxılmaması ilə bağlı iddialar əsassızdır, daxil olan bütün müraciətlər üzrə araşdırmalar aparılmaqla, inzibati xəta tərkibi yaradan hallarla bağlı protokol tərtib olunub.

Sahibkarlıq subyektində sakinlərin narahatlığına səbəb olan halların tam aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinin müvafiq departamentinə müraciət olunub. Tərəfimizdən araşdırmalar davam etdirilir”.