Hər “yıxılan”a gülməzlər! - Ləhcəsi ilə danışan qadına gülən müxbir sərt tənqid olundu 

Sosial şəbəkələrdə yaxınları partlayışda xəsarət alan yaşlı birinin danışığına gülən müxbirin videosu yayılıb. Ciddi qınaq obyektinə çevrilən bu olayla bağlı sosioloq-jurnalist Lalə Mehralı "Şərq"ə açıqlama verib.  Onun fikrincə, qüsur qadının danışığında yox, ona gülən müxbirin beynindədir. O təfəkkürdə olan birinin bizim həmkarımız olmasının özü belə təəssüf doğurur. Öz adıma bunun məyusluğunu yaşayıram. 

L.Mehralının sözlərinə görə, nəinki adi bir repartyorun, efirlərin məşhur xəbər, müəllif proqramı aparıcılarının belə əksəriyyətinin nitqində  ləhcənin şahidi oluruq: 

"Xəbər aparıcılarının ləhcə ilə danışması bizdə qıcıq doğursa da, müəllif proqramlarının aparıcılarının  bu danışığı bəzən  üzümüzdə təbəssüm  yaradır. Ən pisi də odur ki, türk telekanallarında ləhcə ilə yayımlanan proqramları sevə-sevə izləyən insanlar yerli efirimizdə "gəlirəm" əvəzinə "gəlerəm" eşidən kimi lağ obyektinə çevirir.  Halbuki, insanın danışıq tərzi  nə onun şüuruna, nə  də mədəniyyətinə təsir göstərir. 



Sosioloq: "O müxbiri çəkilişə göndərən redaktor, təmsil etdiyi televiziyanın rəhbərliyi onun barəsində ciddi ölçü götürməlidir"


Bu qadın gözünü açandan həmin ləhcə ilə danışıb və o mühitdə böyüyüb. Ağrılı bir gündə onun danışığını gülüş obyektinə çevirmək doğru deyil.  Məsələnin dərinliyinə getsək, həmin  reportyorun  özünə qarşı müəyyən komplekslərinin olduğunu görərik. O müxbiri çəkilişə göndərən redaktor, təmsil etdiyi televiziyanın rəhbərliyi onun barəsində ciddi ölçü götürməlidir. Umümmilli lider Heydər Əliyev hər zaman bir  ölkənin öz inkişafına görə kəndlisinə borclu olduğunu deyərdi.  Atatürk isə "köylü millətin əfəndisidir" deyib. Kənd ləhcəsi ilə öz faciəsini danışan bir qadına  gülmək  mənliyini itirmiş insana xas xüsusiyyətdir".