İmişlidə məcburi köçkün kimi məskunlaşan Ağdam sakinləri konservləşdirilmiş turşudan zəhərlənib. Ana ölüb, ata və qızı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Hazırda ailənin 15 yaşlı qızı komatoz vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan Bakıya göndərilməyib. Paytaxtdan ezam olunan həkimlər briqadası tərəfindən ona yardımlar göstərilir.
Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub. İlkin olaraq onlara botulizm diaqnozu qoyulub. Faktla bağlı araşadırmalar aparılır.
Faciə ilə bağlı "Şərq"ə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, birmənalı şəkildə pomidor və ya xiyar kimi tərəvəzlərin evdə konservləşdirilməsindən imtina etmək lazımdır.
Belə qidaların arzuolunan qidalar olmadığını vurğulayan AİB sədri deyib ki, Azərbaycanda mətbəx problemlərindən biri evdə mürəbbə və turşuların hazırlanmasıdır:
Eyyub Hüseynov: “Əgər pomidor turşusunun balonunda bircə pomidor çürük olsa, bu, ölüm deməkdir”
"Konservləşdirilmiş tərəvəzlərin heç biri arzu olunan qidalar deyil və bundan yavaş-yavaş uzaqlaşmaq lazımdır. Hər an zəhərlənmə ola bilər. Evdə hazırlanan tutmalardansa, sənaye üsulu ilə hazırlanan mallar daha təhlükəsizdir. Bu gün bazarlarda, marketlərdə ev üsulu ilə hazırlanan ağzı açılmayan turşular var. Onlar heç bir ekspertizadan keçmir. Onların bazarlarda satışı əslində arzu olunan deyil və əhalinin kütləvi və tədricən zəhərlənməsinə stimul verir. Əgər pomidor turşusunun balonunda bircə pomidor çürük olsa, bu, ölüm deməkdir. Həmçinin turşu hazırlanarkən təkcə məhsulun özü deyil, onun bağlanacağı qab da bir neçə dəfə təmiz-təmiz yuyulmalıdır. Turşu qoyduqdan sonra onu nəzarətdən kənarda qoymaq olmaz. Belə ki, turşuların saxlandığı qabın qapağına daimi nəzər yetirilməli, qapaqları paslanmış, şişmiş turşular heç bir halda istifadə edilməməlidir. Yoxsa zəhərlənmə təhlükəsi qaçılmaz ola bilər. Bəzi ailələr isə turşunu açıb bir hissəsini istifadə edir, qalanını isə atmırlar ki, heyifdir. Bu zaman da zəhərlənmə baş verə bilir. Həmin turşudan istifadə edən insanın orqanizmi mikroba dözümlüdürsə, o, ölümdən xilas ola bilir, amma zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir".