Bu izdivacın genefondumuza heç bir mənfi təsiri yoxdur
Çünki xanımlar etnik ruslar, gürcülərlə deyil, vətəndaşlıq alan azərbaycanlılarla ailə qururlar
Azərbaycanda xarici vətəndaşla ailə həyatı quran qadınların sayı əcnəbi qadınla evlənən kişilərin sayından daha çox olub. 2019-cu ildə Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 2270 nikah bağlanıb əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə nikah bağlayanların 1160-ı qadın, 1110-u kişi olub. Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya, Türkiyə, Gürcüstan, İran, Ukrayna vətəndaşları ilə nikaha daxil olublar.
Uzun müddətdir qızların əcnəbilərlə nikaha girməsi məsələsinin gündəmdə olduğunu vurğulayan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, proses bir neçə istiqamətdə gedir.
Əvvəlki stereotiplər aradan götürülüb deyə əcnəbi vətəndaşları ilə ailə quran qadınlar cəmiyyətdə süngü ilə qarşılanmır. Əgər 15-20 il əvvəl əcnəbi vətəndaşla ailə quranları barmaqla göstərirdilərsə, indi bu tamamilə adi hala çevrilib: "Azərbaycanlıların əcnəbilərlə ailə qurmasının əsas səbəbi onların azadlıq axtarmasındadır: “Bir sıra gənc qızlar, qadınlar düşünürlər ki, əgər əcnəbi kişi ilə ailə qurarsa, demək, onun azadlığı olacaq və istədiyi kimi yaşayacaq…”
Mehriban xanım hesab edir ki, Rusiya vətəndaşları ilə nikaha girən qadınların sayının artması bizim üçün təhlükəli bir statistika deyil. Əslində bu izdivacın genefondumuza heç bir mənfi təsiri yoxdur. Çünki qadınlarımız etnik ruslar, gürcülərlə deyil, Rusiya, Gürcüstan vətəndaşlığı olan azərbaycanlılarla ailə qururlar:
"Türkiyə ilə Azərbaycan eyni genetik koda malik olduqlarından qadınlarımız əcnəbilər arasında daha çox Türkiyə vətəndaşları ilə ailə qurmağa meyillidirlər. Həm dil, həm din dünyagörüşümüz eynidir. Bir millətin nümayəndəsiyik deyə onlarla evlənən qadınlar tərəddüd emir. Amma çox az halda Azərbaycan qadınları etnik ruslarla ailə qurur. Bu cür faktlar statistikada çox az faizdir. Rusiyada kifayət qədər azərbaycanlılar yaşayır ki, onların da əksəriyyəti vətəndaşlıq alıb. Bəziləri keçmiş sovetlər dövründən orada məskunlaşıb, bəziləri də sonradan gedib vətəndaşlıq alıb. Orada yaşayan insanların da övladları böyüyəndə azərbaycanlı qızla evləndirmək istəyirlər. Axı indi bizim əhali arasında rus dilinə o qədər tələbat yoxdur ki, qızlarımız rus dilini bilsin, ruslarla ünsiyyətə girib ailə qursunlar. Onlar arasında türkdilli xalqların nümayəndələri də ola bilər, amma nikahların əksəriyyəti Rusiya vətəndaşlığı olan azərbaycanlılarla bağlanıb".