"Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması da müsbət haldır. Amma çox yaxşı olar ki, sosial müavinətlər uşaqlar yetkinlik yaşına çatana qədər ödənsin"
Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq. Bu qərar Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Eyni zamanda da uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddət uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanacaq.
Sözügedən artımı dəyərləndirən Sosioloq Lalə Mehralı isə hesab edir ki, müvafiq orqanlar yetkinliş yaşına qədər uşaqlara aylıq müavinətlərin verilməsini müzakirə etsə daha yaxşı olar:
“Əslində bir ara uşaq pullarının bərpası məsələsi müzakirə olunurdu, sonradan niyəsə günddəmdən düşdü. Valideynlər uşaqlara sosial müavinətlərin ödənməsinin bərpa ediləcəyinə ümidlidir.
Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması da müsbət haldır. Amma çox yaxşı olar ki, sosial müavinətlər uşaqlar yetkinlik yaşına çatana qədər ödənsin.
Uşağın gündəlik tələbatının minimum səviyyəsi hesablanıb müavinətlər ödənə bilər. Bunun özü ailələrin maddi təminatına kömək edər. Dövlətimiz çoxuşaqlı ailələrə, qayğıya ehtiyacı olanlara müavinət ödəyir. Amma axı ölkədə çoxuşaqlı ailələr o qədər də çox deyil”.
Sosioloq hesab edir ki, uşaq pullarının bərpası ilə bağlı mexanizmlərin işlənməsinə ehtiyac var:
“Tələblər və imkanlar dəqiq öyrənilməlidir. Çünki uşaq pulları dövlət büdcəsinin əhəmiyyətli hissəsini əhatə edəcək. Son zamanlar biz əmək haqlarının, pensiyaların artımını müşahidə edirik. Bunlar hamısı dövlət büdcəsi hesabınadır. Başa düşürük, amma biz anaları da düşünsələr yaxşı olar. Minimum məbləğdə uşaq pulu bərpa edilsə, heç olmasa məktəb ləvazimatının alınmasına dəstək olar”.