Arzu Eyyubova:“Şəkərli diabet, hipertoniya və arterial təzyiqi olan insanlar koronavirusa görə risk qrupundadırlar”
Cənubi Koreyada yeni növ koronavirusdan (COVID-19) ölənlərin 86 faizi yüksək qan təzyiqindən, şəkərli diabetdən və ya hər ikisindən əziyyət çəkən xəstələr olub. Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi mütəxəssislərinin 124 nəfər COVID-19 infeksiyası qurbanı ilə bağlı araşdırmalarının nəticəsinə dair hesabatda qeyd olunub ki, ölənlərdən yalnız 9 nəfərin əvvəllər heç bir ciddi xəstəlik keçirmədiyi məlum olub, 55 nəfər xroniki qan təzyiqi, 41 nəfər şəkərli diabet, 34 nəfər isə Altsheymer xəstəsi olub.
Qeyd edək ki Azərbaycanda da koronavirus infeksiyasından dünyasını dəyişən insanların əksəriyyətində şəkərli diabet xəstəliyinin olduğu müəyyən edilib.
Bununla bağlı “Sherg.az”a açıqlama verən həkim-endokrinoloq Arzu Eyyubova doğrudan da bu cür xəstəliyi olan insanların virusa daha tez yoluxduqlarını və ağır nəticələr verdiyini deyib:
“Şəkərli diabet, hipertoniya və arterial təzyiqi olan insanlar koronavirusa görə risk qrupundadırlar. Xüsusən də, yaşı çox olan və şəkərli diabetin fəsadlarını görən insanlar karantin dövründə evdə qalıb, sağlamlıqlarına fikir verməlidir. Bu insanlar üçün virusun nəticələri çox ağır ola bilər. Şəkərli diabet xəstələri üçün ən vacib amil sağlam həyat tərzidir”.