Hərbi diktor xalqı mübarizəyə çağırır: “Bundan sonrası biz vətəndaşların üzərinə düşür”

 Şəmistan Əlizamanlı: “Hər kəs özünü və ətrafını qorumalıdır” 


Məğrur səsi ilə hər zaman  bizləri düşmənlə savaşa səsləyən hərbi diktor  Şəmistan Əlizamanlı bu gün üçün bütün Azərbaycan xalqını koronavirus pandemiyasına  qarşı mübarizəyə çağırır. 
Ölkədəki son vəziyyətlə bağlı suallarımızı cavablandıran "Cənab Leytenant”  ləqəbli sənətkar "Sherg.az”a açıqlamasında infeksiya ilə mübarizə çərçivəsində   dövlətin atdığı bütün  addımları  və verilən qərarları müsbət dəyərləndirdiyini deyib: “

 “Covid 19” pandemiyasının Azərbaycanda yayılmasının qarşısının  alınması istiqamətində dövlətimiz tərəfindən vaxtında və düzgün addımlar atılıb. Bundan sonrası biz vətəndaşların üzərinə düşür. Hər kəs özünü və ətrafını qorumalıdır”. 

-Evdə qal  tövsiyyələrinə əməl edirsinizmi?

- Bəli, özüm də karantin qaydalarına əməl edirəm... Vacib olsa çıxıb tez də qayıdıram. Biz indiki halda daha çox təmkinli olmalı və sağlamlığımızı qorumalıyıq. 

-Evdə vaxtınızı necə dəyərləndirirsiniz?  Əksər insan darıxdığı üçün karantin qaydalarına uymur...

- Əsasən internet vasitəsi ilə dünyada baş verən hadisələr və ümumi vəziyyət barədə məlumat alıram. 

-Bir neçə sənət adamı videoçarxlar vasitəsilə əhalini karantin qaydalarına uymağa çağırıb.  Hətta mahnı sözlərini  dəyişdirib, koronavirusla uyğunlaşdıranlar da var. Siz belə bir rolik hazırlamağı düşünürsünüzmü? 

-Düzü hələ belə bir addım atmağı düşünmürəm. Xalqımıza yeganə müraciətim odur ki,  karantin qaydalarına əməl etsinlər və özlərini qorusunlar!