Azərbaycanda koronavirusa yoluxanların sayı getdikcə çoxalır. İlk günlərdə bir rəqəmli olan artım, sonrakı günlərdə iki rəqəmliyə keçib. Bir çoxları hesab edir ki, virusun bu qədər sürətlə yayılması və yoluxma faktlarının artması birmənalı olaraq əhalinin karantin qaydalarına riayət etməməsi ilə bağlıdır.
Terapevt-hepatoloq Sevindik Arazov isə “Sherg.az”a deyib ki, Azərbaycanda koronavirusa yoluxanların sayı çoxalmır:
"Sadəcə əvvəllər aparılan müayinələr yoluxma hallarının hamısını əhatə etmirdi. Virusun ilkin simptonlarının zökəmə bənzəməsi də vətəndaşların bunu adi qarşılamasına səbəb olurdu. Bu gün isə test müayinələrinin sayının artması nəticəsində yeni yoluxma faktları aşkarlanır”.
Həkimin sözlərinə görə, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində biz ancaq yoluxma sürətini aşağı sala bilərik. Mövcud situasiyada yoluxmaların qarşısını almaq mümkün deyil. Əslində, hamımız koronavirusa yoluxacağıq. Lakin bu xəstəlik 15-20 faiz insanda özünü büruzə verir. Yerdə qalanlar isə simptomsuz keçirir. Bizim üçün əsas məqsəd insanların birdən yox, mərhələli yoluxa bilməsini nəzarətdə saxlamaqdır”.