Mərdan Əliyev: “...Bu virusdan yan keçmək çətin olacaq”
COVID-19 infeksiyası insanları təlaş içində saxlamaqda davam edir. Mənşəyi, nədən yarandığı dünya səhiyyəsinə hələ bəlli olmayan, bütün həkimlərin çarə axtardığı bu bəla insanların canını almaqla yanaşı, ölkələrin iqtisadiyyatına, turizminə, bir sözlə dünyaya ciddi zərbə vurmaqdadır. Koronavirusla bağlı ölkəmizdə də vəziyyət ürəkaçan deyil. Bu günə olan rəsmi məlumata görə gün ərzində 57 yeni yoluxma faktı qeydə alınıb. İndiyə qədər 641 insan virusa yoluxub, xəstələrdən 44 nəfəri sağalıb, 7 nəfər isə vəfat edib. 590 nəfər aktiv koronavirus xəstəsinin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
İnfeksionist-hepatoloq Mərdan Əliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, infeksion prosesin xüsusiyyəti elədir ki, infeksiya get-gedə, təqribən həndəsi silsiləyə uyğun artır:
“ COVİD 19 virus infeksiyası isə kifayət qədər sürətli olduğundan 1 xəstə 2.5 xəstəni yoluxdura bilir. 10 xəstə 25 xəstəni, 25 isə 63 xəstəni ... 100 xəstə 250 sağlam şəxsi xəstələndirir”.
Həkimin sözlərinə görə, artıma səbəb yoluxmuş şəxsin kontaktda olduğu bütün insanların tapılıb karantinə alına bilməməsi ilə əlaqədardır:
“Yəni xəstə şəxsin bütün unsiyyətdə olduğu insanları hər zaman tapmaq mümkün olmur və bu prosesdə ən əsas faktor daşıyıcılardır. Virus daşıyıcıları xəstəliyi simptom olmadan keçirdiyi üçün virusu asanlıqla yayırlar”.
M. Əliyev deyib ki, bu xəstəliyin vaksini olmadığı üçün yoluxma sayını azaltmağın ən yaxşı üsulu sosial izolyasiyadır:
“Düzdür, indiki dövrdə buna riayət etmək xeyli çətindir, amma mütləq ciddi əməl olunmalıdır. Əks halda bu virusdan yan keçmək çətin olacaq.
Koronavirusla bağlı Azərbaycanda hələ ki vəziyyət o qədər də ciddi deyil, günə 50, 60, 70 yeni yoluxma olması vəziyyətin nəzarətdə olduğu deməkdir. Düşünürəm ki, aprel ayını bu səviyyədə bağlasaq virusun öhdəsindən gəlmiş sayılırıq”.