“Əminəm ki, dövlət xalqımızı, xalqımız isə dövlətimizi gözlənilən ağır sınaqdan uğurla çıxara biləcəkdir”
“Dünya miqyasında ciddi bəlaya çevrilən koronavirus pandemiyası ağır itkilərə səbəb olmaqda davam edir. Bu dəhşətli pandemiyanın əhatə dairəsinin içərisində təəssüf ki, Azərbaycanda yer almaqdadır”. Bu sözləri millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, cənab Prezidentin çevik və qabaqlayıcı tədbirlərə dərhal start verməsi ölkəmizdə baş verə biləcək daha böyük fəlakətlərin qarşısını ala bildi:
“Dövlət başçısı aprel ayının 6-da Sumqayıt Kimya Sənaye parkında qoruyucu tibbi maska istehsal edən müəssisənin açılışında bir daha Covid-19 virusuna qarşı həyata keçirilən tədbirlərin təhlilini verdi, mövcud durum və qarşıda duran vəzifələrin üzərində dayandı.
Ölkə prezidenti qeyd etdi ki, həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, aparılan çoxsaylı test və onun verdiyi üstün yekunları əhalinin maariflənməsində tətbiq olunan metodologiya bütövlükdə özünün əhəmiyyətli nəticələrini verib.
Son aylarda Bakıda, Goranboyda, Tovuz və Qazaxda istifadəyə verilən müasir tipli 1000 çarpayılıq xəstəxanalar, dörd və beş ulduzlu otellər, Olimpiya kəndi, İstirahət mərkəzləri pandemiyaya qarşı mübarizə meydanına çevrilib.
Xaricdə yaşayan 15 mindən çox soydaşımız qısa zaman kəsiyində Vətənə gətirilib, onların təsnifatı aparılaraq 4500 nəfəri karantinə yerləşdirilib, 45 mindən çox vətəndaşımız testdən keçirilərək, virusa yoluxanlar dəqiqləşdirilərək, müalicəyə cəlb olunub. Ölkədə qoruyucu tibbi maskasının çatışmazlığını aradan qaldırmaq üçün qısa zaman kəsiyində maska istehsal edən müəssisə istifadəyə verilib. Eyni zamanda dezinfeksiya maddələrinin də istehsalına başlanıb. Ölkə başçısı həmçinin qeyd etdi ki, qoruyucu tibbi maskalarla bağlı süni qiymət artımını yaradanlara qarşı qətiyyətli mübarizə aparacaq.. Görülən qabaqlayıcı tədbirlərin, martın sonundan tətbiq olunan xüsusi karantin rejiminin aprelin 5-dən sərtləşdirilməsinin vacibliyini önə çəkən cənab prezident və yaxın günlərdə Bakıda və regionlarda ən müasir yeni klinikaların tikintisinin başlanacağını və tezliklə istifadəyə veriləcəyini deməklə, virusa qarşı mübarizədə ciddi və sərt mövqeyini bir daha nümayiş etdirdi. Xalqımızı bir daha məsuliyyətli, nizam-intizamlı olmağa, qoyulan məcburi qadağalara əməl etməyə, özlərini, övladlarını, yaxınlarını virusdan qorumağa səslədi” deyə F. Ağamalı əlavə edib.
Onun sözlərinə görə, dövlətimiz pandemiyanın törədə biləcəyi fəlakətlərdən ən az itkilə çıxmaq üçün bütün vacib olan tədbirləri həyata keçirməkdədir:
“Xalqımız Cənab Prezidentimiz, İlham Əliyevin və Birinci Vitse Prezident Xanım Mehriban Əliyevanın çağrışlarını yüksək dəyərləndirməkdə, Operativ Gərargahın qərar və tövsiyyələrinə əməl etməkdədir. Əminəm ki, dövlət xalqımızı, xalqımız isə dövlətimizi gözlənilən ağır sınaqdan uğurla çıxara biləcəkdir”.