“Belə bir kritik məqamda əfv qərarının verilməsi dövlət başçısının vətəndaşlara xüsusi qayğı və diqqətinin təzahürüdür”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Dünyada tüğyan edən koronavirus epidemisiyasının yaratdığı bir sıra problemlər və insanların həyatlarının təhlükə altında olmasının fonunda, cəzaçəkmə müəssisələrində saxlanılan vətəndaşların da bu bəladan sığortalanması üçün prezidentin imzaladığı əfv sərəncamı ictimaiyyətdə böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, sərəncam əsasən yaşlılara şamil olunub. Əfv olunanların böyük əksəriyyəti koronavirusa görə risk qrupuna aid olan məhbuslardır. Onların əksəriyyətinin bir çox xroniki xəstliklərdən əziyyət çəkdiyi və mütəmadi həkim nəzarətində olduğu bildirilib.
Sərəncamı yüksək dəyərləndirən Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov “Sherg.az”a bildirib ki, ölkə başçısı tərəfindən növbəti əfv sərəncamının imzalanması dövlətimizin humanizm siyasətini bir daha nümayiş etdirib. Bundan öncə də ölkə başçısı tərəfindən belə sərəncamlar verilib. Koronavirusla bağlı belə bir kritik məqamda məhz bu əfv qərarının verilməsi də dövlət başçısının vətəndaşlara xüsusi qayğı və diqqətinin təzahürüdür. Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı bu sərəncam böyük sevinclə qarşılanıb və bir çox ailəyə xoşbəxtlik bəxş edib:
"Bu, xüsusən də yaşı 65-dən yuxarı insanların koronavirusdan qorunması yolunda atılan mühüm addımdır. 176 nəfər məhbus həyatı yaşamış vətəndaşımız bu gün əfv olunaraq öz ailələrinə qovuşacaq. Bu, kifayət qədər böyük addımdır.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bundan öncə də minlərlə məhbusun əfv olunması təşəbbüsləri, amnistiya qərarları və verilmiş sərəncamlar bütün cəmiyyətimiz tərəfindən hər zaman dəstəklənib. Ölkə rəhbərliyindən bu istiqamətdə olan gözləntilər də özünü təmamilə doğruldub.
Bu istiqamətdə mən də öz növbəmdə cənab Prezidentə və Mehriban xanıma BANM adından, eləcə də Şura üzvü olaraq bu humanizm siyasətini daim həyata keçirdiyinə və hər bir ölkə vətəndaşının qayğısına qaldıqlarına görə dərin təşəkkürlərimi bildirirəm!".