Küçələrdə, prospektlərdə maarifləndirmə işi aparılır

Azərbaycan QHT-ləri bu gün öz üzərlərinə düşən missiyanı ləyaqətlə və həvəslə yerinə yetirir


Dünyada yayılan koronavirus pandemiyası təhlükəsi Azərbaycanda da getdikcə sürətlənir. Bu təhlükənin qarşısının alınması istiqamətində dövlət qurumları, səhiyyə müəssisələri və digər əlaqədar qurumlar əlindən gələni edir. Hətta Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq vətəndaşların özünütəcrdi qaydalarına əməl edilməsi, gigiyenanı qoruması və mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması ilə bağlı mövcud qaydalar tətbiq edilib. Lakin sosial məsuliyyətsizlikdən irəli gələrək, bir sıra insanlar qaydaları pozur və özü ilə yanaşı digərlərini də təhlükə ilə üz-üzə qoyur. Bu baxımdan əhali arasında məlumatlandırma və təbliğat-təşviqat işinin gücləndirilməsi üçün vətəndaş cəmiyyəti institutlarının rolu önə çıxmış olur. Maraqlıdır, görəsən qeyri-hökumət təşkilatları koronavirusla mübarizə işinə hansı formada dəstək göstərir? 

Qeyd edək ki, ayrı -ayrı şəxslər tərəfindən  ölkədəki QHT-lərin koronavirusla mübarizədə fəal olmadığı iddia edilir.  

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr Bölməsinin rəhbəri Elməddin Behbud  isə “Sherg.az” a  açıqlamasında koronavirusla mübarizədə  QHT-lərin fəaliyyətinin zəif olması, görünməməsi kimi iddiaları əsassız hesab edib. Onun sözlərinə görə, Azərbaycan QHT-ləri bu gün öz üzərlərinə düşən missiyanı ləyaqətlə və həvəslə yerinə yetirir, dövlətin yanında olaraq onun qoyduğu tələblər əsasında əhali ilə sıx maarifləndimrə işlər aparırlar:

“Düşünürəm ki, Azərbaycanın qeyri-hökumət təşkilatları bu işin öhdəsindən uğurla, məsuliyyətlə gəlir. Sosial şəbəkələrdən tutmuş, küçə və prospektlərə qədər hər yerdə maarifləndirmə işləri aparılır. Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri başlayan gündən etibarən QHT-lər bu prosesin əsas aktorlarından biridir. Şura bu istiqamətdə dövlətin apardığı işlərin yanında olub və qeyri-hökumət təşkilatlarını bu istiqamətdə səfərbər edərək geniş maarifləndirmə kampaniyasına start verib. "Real” TV ilə birgə "Evdə qal” kampaniyası, Şura üzvlərinin və katibliyin ianə köçürməsi, Şuranın birinci müsabiqəsinin qalibi olmuş ixtisaslı qeyri-hökumət təşkilatlarının layihələrinin koronavirusa qarşı mübarizə istiqamətinə yönləndirilməsi qeyd etdiklərimə misaldır.

Mart ayının 19-da Şura sədri Azay Quliyev ölkə başçısı tərəfindən COVİD 19-a dəstək Fondunun yaradıldığını qeyd edərək virusa qarşı mübarizənin həyata keçirilməsində bu qərarın mühüm olduğuna  diqqət çəkdi. Martın 25-də isə QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşları koronavirusa qarşı mübarizəyə dəstək Fonduna vəsait köçürülməsi ilə bağlı məlumat yayıldı və  bütün QHT-ləri də bu prosesə qoşulmağa dəvət etdilər.  Sonrakı günlərdə biz QHT-lərin dövlət başçısının təşəbbüsünə qoşularaq yaradılmış fonda ianələr köçürməsinin şahidi olduq.  Dünənə olan məlumata görə, 70-dən artıq QHT Fonda vəsait köçürüb və bu proses  hələ də davam edir. Martın 27-də Şura REAL TV ilə birlikdə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai məlumatlandırma kampaniyasına start verdi.  Bu kampaniyada  QHT nümayəndələri çox fəal iştirak  edirlər. Onlar  həm vətəndaşlara maska və spirtlərin verilməsində, həm də  vətəndaşların  karantin rejiminin mahiyyəti ilə bağlı maarifləndirilməsində çox mühüm iş gördülər.  Hazırda küçəyə çıxmaq bir qədər fərqli qaydalarla tənzimləndiyi üçün bu kampaniyamız dayandı”. 

E. Behbudun sözlərinə hörə aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin koronavirusla mübarizəyə həsr olunan onlayn ümumrespublika konfransı keçirib. Həmin konfransda QHT-lərin koronavirusla mübarizə sahəsindəki görəbiləcəkləri işlər ətraflı müzakirə olunub:

Konfrans bir sıra mühüm qərarlar qəbul elədi ki, onlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yanında Koronavirusla mübarizə üzrə İctimai Qərargahın yaradılması olub. İctimai Qərargaha ümumrespublika konfransında irəli sürülən və vətəndaş cəmiyyətinin funksiyalarına aid olan məsələlərin icrası ilə bağlı müvafiq tədbirlər tapşırılıb. Eyni zamanda regionlarda ictimai nəzarət və məlumatlandırma işinin təşkili üçün QHT-lərin regional resurs və təlim mərkəzləri və yerli QHT-lərin fəal iştirakının təmin olunması xüsusi vurğulanıb.  
Prezident yanında QHT-lərə Dəstək Şurası dünəndən etibarən REAL TV ilə birlikdə “Evdə qalaq, bilgi alaq”  onlayn ictimai  dəstək və maarifləndirmə kampaniyasına başlayıb. Kampaniya çərçivəsində günaşırı olaraq QHT rəhbərləri və tanınmış şəxslərin iştirakı ilə müxtəlif mövzulara aid müzakirələr təşkil olunacaq. İlkin olaraq 10 istiqamət üzrə mövzu müəyyən olunub. Digər mövzular isə QHT və vətəndaşların istək və təklifləri əsasında formalaşdırılacaq. Artıq ilk mövzunun müzakirəsi keçirilib və kifayət qədər yüksək rəy qazanıb. Canlı yayıma minlərlə baxış vardı, xeyli sayda layk və şərh gəlmişdi.  Sabah isə koronavirusla bağlı tibbi maarifləndirmə keçiriləcək”.