Eyyub Hüseynov: “Təəssüflər olsun ki, bu cür ağır şəraitdən istifadə edib tibbi maskaların qiymətini süni şəkildə artıranları da gördük”
Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, xüsusən də böyük maska qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün tədbirləri diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. Prezident müəssisə ilə tanışlıqdan sonra Azərbaycan xalqına müraciət edib: “Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi”.
Azərbaycanda tibbi maskaların istehsalına başlanılmasını alqışlayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında sözügedən açılışda ölkə başçısının iştirakının və toxunduğu məsələlərin son dərəcə əhəmiyyətli olduğunu deyib:
“Apteklərdə maska qıtlığı ilə bağlı hər gün bizim Birliyə onlarla şikayət daxil olurdu. Düşünürəm ki, artıq bu problem aradan qalxacaq. Eyni zamanda Azərbaycanda tibbi maska istehsal edən müəssisənin açılması ilə əldə düzəldilən, standartlara uyğun olmayan maskalar bazardan yığışdırılacaq.
E.Hüseynovun fikrincə yeni açılan müəssisədə istehsal olunan maskalar üzərində mütləq Azərbaycan istehsalı olduğu barədə nişan olmalıdır. Mən də Azad İstehlakçılar Birliyinin sədri olaraq 20 mindən çox üzvümüz olan bütün rayon təşkilatlarımıza məsləhət görəcəm ki, həmin nişan olan maskaları alsınlar”.
Süni qiymət artımı ilə bağlı ölkə başçısının xəbərdarlığına toxunan AİB sədri hesab edir ki, nəzarət gücləndirilməli və işbazların oyununa son verilməlidir:
“Təəssüflər olsun ki, bu cür ağır şəraitdən istifadə edib tibbi maskaların qiymətini süni şəkildə artıranları da gördük. Düşünürəm ki, bu çox əhəmiyyətli bir istehsal müəssisəsidir və Azərbaycan hökuməti tibbi maskaların istehsalına başlanılmasına dəstək göstərməklə çox əhəmiyyətli addım atıb.
Cənab Prezident bu məsələnin həlli ilə bir daha göstərib ki, əhalinin sağlamlığına xüsusi diqqət ayırır. Bu müəssisədə həmçinin tibbi əlcəklər də istehsal olunacaq.
Əlcəklərin düzgün istifadə edilmədikdə virusun yayılmasına təkan verəcək ünsür olması ilə əlaqədar Azad İstehlakçılar Birliyinin fikirləri olub. Satış məntəqələrində də əlcəklərdən düzgün istifadə edilməməsini müşahidə etmişik. Bu kimi halların qarşısı alınmalıdır”.
Ekspertin fikrincə, tibbi maska istehsal edən müəssisənin standartlara uyğun istehsal etdiyi tibbi maskalar daxili bazardakı tələbatı ödəyəcək, hətta Azərbaycan bu maskaları ixrac etmək imkanı da qazanacaq.