“Bu həm onlar üçün bir təcrübə, həm də xəstələrə nəzarət baxımından həkimlərə köməkdir”
Azərbaycan Tibb Universitetində sırf koronaviruslu xəstələrlə işləyən klinikalarda çalışmaq üçün könüllü tələbə qrupları yaradılıb.
Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hər fakültə üzrə müyyən sayda könüllülər ayrılaraq klinikalara göndərilir. Eyni zamanda universitetin rezidentləri və həkimləri də bu iş üçün hazırda müxtəlif xəstəxanalardadılar. Kömək üçün göndərilən aktiv tələbələr öz istəklərinə uyğun seçilir.
Tələbələrin bu təşəbbüsünü müsbət dəyərləndirəm tibb elmləri doktoru, professor Adil Qeybulla "Sherg.az"a deyib ki, koronaviruslu xəstələrlə işləyən klinikalarda çalışmaq üçün hələ ixtisasını tamamlamayan könüllü tələbə qruplarının yaradılması formal yox, əhəmiyyətli bir addımdır:
“Hər şeydən əvvəl bu bir vətəndaş mövqeyidir. Tələbələrimiz koronaviruslu xəstələrin müalicəsində iştirak üçün kifayət qədər hazırlıqlı olmadığı üçün onlar bu prosesdə tibb bacılarına verilən təyinatların yerinə yetirilməsinə nəzarət edən həkim köməkçisi rolunda iştirak edə bilərlər. Bu həm onlar üçün bir təcrübə, həm də xəstələrə nəzarət baxımından həkimlərə köməkdir”.