Füzulilər işğal dövrü yandırılmış və dağıdılmış evlərinin təmir olunmasını xahiş edirlər - Millət vəkili

 
 Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti müzakirə olunub. Karantin qaydalarını nəzərə alan bir neçə Komitə sədri komitə üzvlərinin adından çıxış ediblər. Bəzi komitə üzvləri isə öz çıxışlarını yazılı şəkildə təqdim ediblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və ssahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov  təqdim etdiyi çıxışında fiskal və maliyyə məsələləri ilə yanaşı təmsil olunduğu rayon üzrə də tövsiyyələrə yer ayırıb. Qlobal pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin olmasına baxmayaraq 2019-cu ilim Azərbaycan üçün iqtisadi və sosial baxımdan yadda qalan olduğunu vurğulayan millət vəkili öz tövsiyələrini də təqdim edib: “Bank sektoru üzrə tövsiyyələrimdən biri əmanətlərin sığortlanması mexaninzminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, 2019-cu ildə əhalinin 8.7 milyard manatlıq bank əmanətinin 84.0 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıb. Bu müsbət hal olsa da belə, əhalinin banklardakı 1 milyard 392 milyon manatlıq əmanəti sığortalanmır və həmin pullar qorunmur. Bu baxımdan, əmanətlərin sığortalanması mexanizminin təkmillləşdirilməsi və bankların bu istiqamətdə məsuliyyət və öhdəliyinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədə uyğun olardı. Bank aktivlərin sığortalanması daxil olmaqla yeni mexanizmin hazırlanması və bankların cəlb etdiyi əmanətlər ilə bağlı öhdəliklərinin gücləndirilməsi tövsiyyə olunur.
Təmsil etdiyim Füzuli rayonunda, işğaldan azad olunmuş və təmas xəttinə yaxın məsafədə yerləşən şəhər və kəndlərdə vətəndaşlara məxsus xeyli fərdi yaşayış evi bu günə kimi təmir-bərpa olunmayıb. Bunlar Horadiz şəhərində 39, Qazaxlar kəndində 35, Əhmədallar kəndində 111, Şükürbəyli kəndində 42, Alxanlı kəndində 123, Kürdmahmudlu kəndində 74 və Mollaməhərrəmli kəndində 3, cəmi 427 fərdi yaşayış evdir . Həmin evlərin sahibləri 27 ildir Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına o cümlədən rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər edərək işğal dövrü yandırılmış və dağıdılmış evlərinin təmir-bərpa olunmasını xahiş edirlər. Bütün bunları nəzərə alaraq cənab baş nazırdən Horadiz şəhərində, Qazaxlar kəndində, Əhmədallar kəndində, Şükürbəyli kəndində, Alxanlı kəndində, Kürdmahmudlu kəndində və Mollaməhərrəmli kəndlərində işğal dövrü yandırılmlş və dağıdılmış,bu günə kimi təmir-bərpa olunmamış 427 fərdi yaşayış evinin və Aşağı Yağlıvənd kəndində və Əhmədallar kəndində hər biri 80 yerlik körpələr evi uşaq baxçasını tikilməsi ücün aidiyyatı köməklik göstərməsini xahiş etdim”.