“Dünyanı bürüyən koronavirus pandemiyasının Azərbaycana vura biləcəyi zərərin minimuma endirilməsi, ən az itki ilə bu mərhələni arxada qoyub yeni üfüqlərə doğru irəliləmək üçün dövlət və vətəndaş olaraq çox çalışmalıyıq”.
Bunu “Sherg.az”a siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, indiki halda dövlətin vətəndaşdan tək tələbi özünü təcrid edib evdə qalmaq, sosial məsafəli davranmaq, özünü və başqalarını risk altına atmamaqdır:
“ Qalan məsələləri isə dövlət öz üzərinə götürüb. Minimum tələbat məsələləri çevik şəkildə həll edilir, ehtiyac olduğu halda dövlətin bütün uyğun xidmətləri vətəndaşın evinə qədər gəlir. Bir daha vurğulayırıq: təki vətəndaş evdə oturub öz canının sağlamlığını təmin etsin. Bəli, Azərbaycan belə dövlətdir! Əslində, belə davranış təsadüfi deyil. Prezident İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, dövlət üçün ən önəmlisi vətəndaş, onun sağlamlığı və rifahıdır. Vətəndaşı sağlam və təminatlı olan dövlət güclü olur. Eyni zamanda belə dövlətlər ən ağır böhranlardan da ən az itki ilə çıxmağı bacarırlar. Əsas olan qarşılıqlı anlaşma, vətəndaş-dövlət vəhdəti, ölkəni idarə edənlərə inamın yüksək tutulmasıdır”.
A.Həsrət hesab edir ki, Koronavirus mərhələsində Prezidentin davranışları, təmasları, özəlliklə də vətəndaşların sosial problemlərinin həlli istiqamətində verdiyi tapşırıqlar bir daha təsdiq edir ki, insanlarımızın ona etimadı təsadüfi deyil. Azərbaycan sözdə deyil, əməldə sosial dövlət olmağı bacarıb, ona görə də vətəndaş dövlətin rəhbərinə daha yüksək etimad göstərir:
“Yeni iş yerlərinin açılması, əmək müqaviləsi olan işçilərin iş yerlərinin qorunması, eyni zamanda dövlət sektorunda işləyənlərin işə çıxmadan əməkhaqqını tam miqdarda alması da bu qəbildəndir. Prezidentin göstəriş və tapşırıqlarına uyğun olaraq ödənişli sosial iş yerlərinin sayının artırılması yönündə atılan addımları da bura əlavə edə bilərik.
Başqa bir məqam isə kiçik və orta sahibkarlıqla məşğul olanların dövlətdən dəstək almasının təmin edilməsidir. Artıq iş adamları hesablarına yatırılan məbləğlər haqqında məlumatları həvəslə paylaşırlar. Təbii ki, söhbət qarşılıqsız dövlət yardımından gedir.
Bütün bunlarla bərabər gəlir mənbəyi olmayanların minimum tələbatının dövlətin üzərinə götürülməsi isə ayrı söhbətin mövzusudur. Aprel və may ayları üçün bu kateqoriyadan olan vətəndaşlarımız aylıq 190 manat maaş alacaq. Belə vətəndaşların sayı isə 600 min nəfərə çatdırılacaq.
Göründüyü Azərbaycan dövləti indiki mərhələdə bütün vətəndaşların bütün qayğılarını öz üzərinə götürür. Bunun da tək səbəbi vətəndaşın sağlamlığını qorumaq, bu mərhələdən salamat çıxmaqda ona yardımçı olmaqdır”.