Karantin rejimi ən çox uşaqları təsirləndirdi

Psixoloqlar isə hesab edir ki, valideynlər gündəlik cədvəl tərtib etməklə gərginliyi azalda bilərlər



- Mənəm ee, ay dədə, Miriş.
- Nə böyük oğlan olmusan, maşallah!
- Həəə.

 “Bəyin oğurlanması” filmində dəfələrlə izlədiyimiz bu səhnə az qala el məsəlinə çevrilib. Qohumda, qonşuda  övladı ilə arası yaxşı olmayan, laqeyd bir valideyn görsək, ilk bu səhnəni xatırlayırıq. Var belə atalar-analar. Övladının böyüdüyünü qızına elçi, oğluna hərbi çağırış vəsiqəsi gəldiyində hiss edir. Qloballaşma, texnoloji inkişaf, sosial şəbəkələrin geniş yayıldığı bu dönəmdə sanki valideynlərlə uşaqlar arasındakı zəncirvari halqalardan biri düşüb. Uşaq intiharları, evdən qaçmalar və s. digər problemlərin də kökünü mütəxəssislər məhz bu problemlə əlaqələndirir. 
Amma koronavirusun yayılmasının qarşısını almaq üçün verilən karantin qərarı bir növ  valideynlər və uşaqlar üçün bir fürsətdir. Necə deyərlər: “Hər şərdə bir xeyir var”.  Valideynlər uşaqları ilə daha çox vaxt keçirib, onları daha yaxından tanımağa cəhd edə bilər. Qeyd edək ki, durumdan heç də bütün valideynlər məmnun deyil. Uşaqların dəcəlliyindən, evi bir-birinə qatmasından gileylənib tezliklə karantin rejiminin bitməsini, məktəblərin açılmasını arzulayan valideynlər də az deyil.

Psixoloqlar isə hesab edir ki, valideynlər bu karantin müddətində özləri və uşaqlar üçün gündəlik görüləcək işlərin cədvəlini tərtib etsinlər. Gün ərzində edəcəkləri işləri həmin gündəliyə qeyd etməklə plan qura bilərlər. Bu, həm günün səmərəli keçməsinə, həm də uşaqların marağına səbəb olacaq.

 Uşaq psixoloqu Könül Telmanqızı koronavirus infeksiyası səbəbilə məktəblərin və bağçaların fəaliyyətinin müvəqqəti olaraq dayandırılması səbəbindən uşaqlar əsasən təkrarçılıqdan və günlərin eyni keçməsindən sıxıldıqları üçün indi evdə keçirdikləri günlər onları narazı sala bilər.

Məhz bu səbəbdən psixoloq bildirib ki, uşaqlar üçün tərtib edilən cədvəl vasitəsilə dünən edilən işlər və tapşırıqlar sabahkı gün təkrarlanmayacaq: “Tətil o demək deyil ki, valideyn uşağa hər gün dərs oxutmalı, məcbur yazı yazdırmalıdır. Əgər valideynlər uşaqların dərs və oyun saatlarını proqram şəklində etsələr, uşağa daha maraqlı gələ bilər.

Günün müəyyən saatında evdə idman etmək, müəyyən saatı maraqlı cizgi filmi və ya film izləmək, dərs oxumaq, uşaqla birgə ev işləri görmək həm valideynin, həm də uşağın gününü maraqlı edə bilər. Ancaq bunları saatlara bölmək daha məqsədəuyğun olacaq. Çünki uşaq artıq özü tərtib etdiyi gündəlik cədvəl vasitəsilə hansı saatda hansı işin görülməli olduğunu özü biləcək. Uşağı belə qaydaya öyrəşdirmək üçün kiçik hədiyyələr də tərtib etmək olar. Məsələn, uşaq bilsə ki, o, 1 saat dərs oxumaq tapşırığını yerinə yetirəndən sonra onu kiçik də olsa, hədiyyə gözləyir, o, bunu daha həvəslə edəcək”.

Psixoloqun sözlərinə görə, valideynlə birgə tərtib edilən cədvələ yaxşı olar ki, uşaqlarla müəyyən saat ərzində edəcəkləri müstəqil söhbəti də əlavə etsinlər: “Bu, valideynlər üçün həm də bir fürsətdir. Uşaqları ilə söhbət edib onların maraq dairələri barədə danışsınlar. Bu gün əksər valideynlər uşaqları ilə söhbətə, demək olar, heç vaxt ayırmır. Valideynlər özləri uşaq üçün maraqlı vərdişlər, oyunlar axtarıb tapmalıdır.

Bu, hər yaş təbəqəsi uşaqlara aid olan bir məsələdir. Bağça, yaşlı və ya məktəbli olmasından asılı olmayaraq, hər bir uşaq üçün öz yaşına uyğun oyunlar, tapşırıqlar, dərslər tərtib etmək mümkündür. Həmçinin valideyn uşağa müstəqil şəkildə oynamağı, dərs edə bilməyi aşılamalıdır. Tərtib edilən cədvələ müstəqil şəkildə görüləcək işlər, ediləcək tapşırıqlar da əlavə edilməlidir ki, uşaq bəzi işlərin öhdəsindən təkbaşına gəlməyə adət etsin, öyrənsin. Bu məqamda valideyn də fürsətdən istifadə edərək ya dincələ, ya da görməli olduğu işləri görə bilər”.

Psixoloq Gülnarə Əliyeva isə hesab edir ki, insan üçün öyrəşdiyi rutin həyat tərzini yaşamaq daha əlverişlidir.  Daha dəqiq desək, beyin adətən vərdiş etdiyi formada yaşamağı çox sevir:

“Karantin rejimi isə bizə həddindən artıq yad yaşam tərzi olduğundan insanların psixologiyasına mənfi təsir etməyə başlayıb. Karantinin ilk günlərində nə olduğunu, bizi nələr gözlədiyini anlamırdıq. Artıq 1 aydır biz xüsusi rejimdə, məhdud qaydalar çərçivəsində yaşayırıq və karantinin nə demək olduğunu dərk edirik. Hər nə qədər böyük insanlar da karantin rejiminin qaydalarından əziyyət çəksələr də, bu məhdudiyyət uşaqlar üçün daha çətindir. Onların enerjiləri və həyatdan gözləntiləri böyük insanlarla müqayisədə daha çoxdur. İş mühitini çıxsaq, biz böyüklər evdə vaxt keçirməyi daha çox sevirdik. Uşaqlar isə açıq havada oynamağı, gəzməyi sevir”.

Gülnarə xanım hesab edir ki, bəzi valideynlər ipə-sapa yatmayan uşaqların başını telefon və tabletlərlə qatmağı çarə kimi görür. Lakin bir mütəxəssis olaraq o, bunu düzgün hesab etmir:
“Valideynlər maksimum dərəcədə uşaqlarla səmərəli vaxt keçirməli, onların asudə vaxtlarını faydalı keçirmələrinə diqqət ayırmalıdırlar. Böyük uşaqlarla enerjini çıxara biləcək oyunlar oynamalı, nisbətən böyük uşaqlara isə faydalı məsləhətlər verilməlidir.

Biz valideynlərə səhərdən axşama qədər uşaqla vaxt keçir deyə bilmərik, bu zaman da onları həddindən artıq yükləmiş olarıq. Uşaqlara bir az sərbəstlik verməliyik ki, başlarını qatacaq oyunlar kəşf etsinlər. Hər nə qədər müqayisəni sevməsəm də, burada qeyd etmək yerinə düşür. Biz uşaq olanda hər şeyi özümüz düzəldirdik. Maşın, gəlincik, oyuncaq ev və s. şeyləri vaxt və əmək sərf edib düzəldirdik, bir az oynayandan sonra da yorulub yatırdıq. Amma indiki uşaqlar hazıra nazirdir. Onlar oyuncaqların  hazırı ilə oynadıqları üçün yorulmurlar.

Hətta bir-iki dəfə oynayandan sonra bezirlər deyə başlayırlar nadinclik edib valideynləri bezdirməyə. Valideynlər evdə lazım olmayan əşyaları uşaqlara verərək onlara maraqlı oyuncaqlar düzəltmək ideyası verə bilər. Uşağın təfəkkürünün, əl qabiliyyətinin inkişafı üçün karantin dövründən bir fürsət kimi istifadə etmək olar. İnsanların olmadığı yerlərdə uşaqları gəzdirmək lazımdır ki, açıq hava onların darıxmağının qarşısını alacaq. Yaşıdları ilə ünsiyyət qura bilmədiyi üçün uşaqlar həddindən artıq darıxır və kürlük etməyə başlayır. Çünki valideynlə nə qədər oynasa da, uşaq üçün öz yaşıdları ilə oynamaq tamam başqa əyləncədir”.

Qeyd edək ki, "Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi"nin sədri Bahar Muradova  da valideynlərə müraciət edərək hazırkı sosial təcrid və məhdudiyyətlər dövründə uşaqların daha həssas durumda olduqlarını nəzərə almalarını xahiş edib: “İlk növbədə valideynlərdən və ailələrin digər üzvlərindən xahişimiz budur ki, uşaqlara qarşı diqqətli olsunlar, münaqişələrdən çəkinsinlər. Uşaqların evdə səmərəli vaxt keçirmələrinə şərait yaratsınlar, anlayışlı olmaqla övladlarına stres və gərginliyi azaltmaqda kömək etsinlər”.