Tədbirlər nəticə verir: “Məşğulluq və sosial rifaha dəstək rəğbətlə qarşılanır”



Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Bununla yanaşı, aprelin 17-də Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətində 600 milyon manat vəsait ayrılıb.

Məsələni şərh edən iqtisadçı Asif  İbrahimov “Sherg.az”a deyib ki, Azərbaycanda aparılan iqtisadi və sosial islahatlar xalqımızın çətin vəziyyətə tab gətirməyinə və böhrana qalib gələcəyinə imkan yaradıb:


 “Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. 12 mindən çox ailənin özünüməşğulluq proqramına cəlb edilməsi istiqamətində işlər aparılır.  Proqramın həcminin genişləndirilməsi atılmış ən doğru və gələcək üçün ən məhsuldar addımlardan biridir. Proqamın icrası ölkədə ailə biznesi ilə məşğul olan bir çox kənd təsərrüfatı, sənaye subyektlərinin ciddi inkişafına öz töhfəsini verəcək. Düşünürəm ki, bu proqramın icrası genişmiqyaslı və davamlı inkişafa hesablanmış olmalıdır”.

 İqtisadçının fikrincə,  özünüməşğulluq proqramının icrasına başlanılarkən yerli və qlobal tələbat təhlil edilməlidir: 

“Bu sahədə tətbiq edilən müsbət təcrübələr, beynəlxalq standartların tələbləri indidən tətbiq edilməlidir. Azərbaycan istehsalçısı istehsal etdiyi hər məhsulu istər yerli, istərsə də xarici bazarlarda asanlıqla sata bilməlidir”.