Mehriban Zeynalova :Dövlət orqanları ictimai təşkilatlarla sıx əməkdaşlıq etməlidir, fəal qadlınlardan ibarət xüsusi qrupların yaradılması da işin xeyrinə olar”
Aprelin 19-da 1991-ci il təvəllüdlü Mübariz Məmmədov Şəmkir rayon polis şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verərək könüllü təslim olub.
Araşdırma nəticəsində M.Məmmədovun həmin gün saat 09.00 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovanın boğazını kəsərək qətlə yetirdiyi müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.
Qeyd edək ki, N. Məmmədovanın ailəsi həm istintaqın gedişatından, həm də mətbuatda hadisə haqda yazılanlardan narazıdır.
Mərhumun atası Allahyar Əliyev mediaya açıqlamasında kürəkəni Mübariz Məmmədovun qızını öldürməsinin səbəbinin başqa olduğunu deyib:
“Aprelin 17-də qızımı evimə gətirəndə dedilər ki, Mübarizin anası onunla yola getmir. Həmin gün Mübariz də, anası da gəlmişdi. Heç biri qızımın telefonuna SMS gəldiyini, buna görə mübahisələrinin düşdüyünü deməmişdi”.
Ata hesab edir ki, ailə sonradan özlərinə bəraət qazandırmaq üçün SMS məsələsini ortaya atıblar.
A. Əliyevin digər iddiasına görə, qızının öldürülməsinə qayınanası Çiçək də kömək edib: “Qızımı döyə-döyə işgəncə veriblər ki, nəsə deməlisən. Sifətindən başqa bədəninin hər yeri gömgöy idi. Sonda da arxadan saçından tutaraq dartıb və boğazından bıçaqla kəsib, qalan zərbələri də böyrəklərinin üstündən vurub. Onların Nailəni öldürmək planları əvvəldən olub, yalandan kirayə evdə qalacaqlarını deyib. Bu işdə Mübarizə anası da kömək edib. Evdə də qızımın öldürülməsinə şərait yaradıb. Qapını da arxadan bağlayıblar”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Mehriban Zeynalova isə hesab edir ki, ailədə kiçik münaqişələr, getdikcə böyüyür. Bir dəfə qadınına yüngül əl qaldıran kişi, ikinci dəfə bir az da sərt davranır, getdikcə isə döyülmələr, dava-dalaş artıq adi yaşam tərzinə çevrilir:
“Sonunda isə ya boşanma, ya da qətl hadisəsi baş verir. Nə qədər belə hadisələrin şahidi olmuşuq ki, ər arvadı, yaxud da qadın ərini qətlə yetirib. Ona görə də ailə münaqişələrinin həllinə lap başlanğıcdan – gənc ailə qurulan zaman başlamaq lazımdır. Gənc ailədə vəziyyət gərgin hal alırsa, bunun səbəbləri tapılmalı və münaqişə həll edilməlidir ki, gərginlik artmasın, böyüməsin. Burada da qadın və kişinin doğmaları, yaxınları əsas rol oynayır. Qayınana da, qayınata da vəziyyətin yüngülləşməsinə xidmət etməlidir, daha odun üzərinə yağ tökməməlidirlər. Təəssüf ki, boşanmaların sayının artmasında da, ailə münaqişələrində də biz valideynlərin barışdırıcı deyil, qızışdırıcı mövqedə dayandığını görürük. Münaqişəli ailələrlə ciddi iş aparılmalıdır. Bu işdə yerli orqanlar kənarda qalmamalıdır. Hər bölgədə hansı ailədə vəziyyət necədir, yerli əhali də bilir, yerli orqanlar da. Yerli əhali də işə cəlb edilməlidir, yerli orqanlar da. Dövlət orqanları ictimai təşkilatlarla sıx əməkdaşlıq etməlidir, fəal qadlınlardan ibarət xüsusi qrupların yaradılması da işin xeyrinə olar”.
Boşanmanın çıxış yolu olmadığını vurğulayan M. Zeynalova qeyd edib ki, boşanmış qadınların keçmiş yoldaşları tərəfindən xəsarət və qətlə yetirilmə halları da kifayət qədər aktualdır:
“Bunun üçün bizim ölkədə mühafiz orderinin tətbiqi nəzərdə tutulub. Lakin qeyd edim ki, mühafizə orderi də təhləksizlik üçün tam təminat yaratmır. Bəs nə etməli?İlk növbədə polis təhlükə olduğu bildirilən şikayətlərə daha həssas yanaşmalıdır. Buna görə də qanunvericiliyin təkmilləşməsinə ehtiyac var. Əgər polisin həmin şəxsi qorumaq üçün basqa vasitələri mövcud deyilsə, şəxslə bağlı profilaktik, inzibati və ya digər qanunvericilik imkanlarını tətbiq edənədək qadını sığınacağa yerləşdirməlidir. Təəssüf ki, qanunvercilik hələ də real xəsarət almayanlarla bağlı cəza tədbirlərini görmək imkanı vermir. Bəzi hallarda inzibati tədbirlər də təhlükəni tam aradan qaldırmır. Bu yalnız tərbiyəvi söhbətlərlə kifayətlənməklə bitir. Lakin elə aqressiv ərlər var ki, onların davranışı söhbətlə yekunlaşmır”.