“Bizdə ailədaxili konfliktlər, problemlər, boşanmalar karantin rejimindən əvvəl də var idi. Yəni problem tək karantin rejimində deyil”
Karantin rejimi müddətində Azərbaycanda 6 ciddi ailədaxili münaqişə baş verib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib. Komitə sədrinin sözlərinə görə, karantin rejimi hansı sahədə boşluqlarımız var, kütlələrlə, ailələrlə, insanlarla işləyən, onlara xidmət göstərən sahələrin hansı daha çox inkişaf etdirilməlidir, hansı addımların atılması vacib olduğunu üzə çıxarmış oldu:
“Həm sosial, həm mənəvi, həm də fiziki məhdudiyyətlərlə üzləşmiş insanlar arasında, ailələrdə müxtəlif problemlərin meydana çıxması qaçılmazdır”.
Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, xüsusi karantin rejiminin ailədaxili konfliktləri artması ilə bağlı birmənalı fikir bildirmək doğru olmazdı:
“Axı ailə üzvləri bir yerdə bu virusa qarşı mübarizə aparırlar. Dolayısı ilə silahdaşdılar. Bizdə ailədaxili konfliktlər, problemlər, boşanmalar karantin rejimindən əvvəl də var idi. Yəni problem tək karantin rejimində deyil. Digər tərəfdən zərərli vərdişlərdən əziyyət çəkən, fiziki problemli, psixatrik problemli ailələr var ki, karantin rejimi onlarda ailədaxili münasibətlərə təsir göstərə bilər. O da istisna olunmur ki, heç bir problemi olmayan ailələrdə karantin rejimində problem yaransın. Bütün bunlar ailələrin karantin müddətində günlük rejimi necə formalaşdırmağından asılıdır. Əgər günlük rejim doğru formada tərtib olunarsa, xüsusi bir problem yaranmayacaq. Karantindən sonra da yaxşı olardı ki, tərəflər yaranan problemi həll etmək üçün tələsik addım atıb boşanma ilə bağlı müraciət etməsinlər. Bir-birinə zaman tanısınlar. Çünki karantindən sonrakı ilk günlərdə müəyyən gərginlik, narahatlıq ola bilər ki, bu da bir müddətdən sonra arxada qalacaq”.