Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Astara rayonunun sakini, şəhid anası Saray Fərziyeva Prezidentə yazır:
“Möhtərəm cənab Prezident, ölkəmizdə şəhid ailələrinə olan yüksək münasibət Sizin şəhidlərin ruhuna sonsuz ehtiram hissinizdən, şəhid ailələrinə olan böyük qayğınızdan irəli gəlir. Mən Heydər Əliyev Fondunun xətti ilə müayinə və müalicə olunduğuma görə Sizə və Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümü bildirirəm. Əziz Prezidentimiz, ölkəmizdə koronavirusa qarşı mübarizə çərçivəsində vətəndaşların sağlamlığını düşünməyiniz, karantin dövründə maddi çətinliklərlə üzləşmiş ailələrə etdiyiniz yardımlar, pandemiyaya qarşı yüksək səviyyədə qabaqlayıcı tədbirlərin təşkili bir şəhid anası kimi ürəyimə rahatlıq gətirir. Övladımın düşmənlə mübarizədə şəhid olması ilə nə qədər qürur duyuramsa, nəvə-nəticələrimin bu virusun qurbanına çevrilməsindən o qədər vahimələnirəm. Çox sağ olun ki, xalqımızı bu bəladan qorumaq üçün bütün imkanları səfərbər edirsiniz. Gördüyünüz bütün işlərə görə 117 ailə üzvüm – 17 övladım, 45 nəvə və 55 nəticəm adından Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı hər bir işdə Sizə güvənir, dəstəyinizi, gücünüzü daim hiss edir, Sizinlə qürur duyur. Tanrı Sizi və xalqımızı qorusun!”.