Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən Rəmziyə Abbasova dövlət başçısına yazır:
“Möhtərəm cənab Prezident, mən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi, Dövlət Gömrük Komitəsinin “Könüllü gömrükçü” dəstəsinin üzvüyəm. Cənab Prezident, 200-dən artıq ölkədə milyonlarla insanı yoluxduran, çoxsaylı ölüm halları ilə nəticələnən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə atdığınız addımlar təqdirəlayiqdir. Ölkəmizdə hələ virusa yoluxma halı qeydə alınmamışdan əvvəl görülən qabaqlayıcı tədbirlər və verilən qərarlar, o cümlədən sərhədlərin bağlanması, xaricdəki vətəndaşlarımızın Vətənə dönmələrinə şəraitin yaradılması, səhiyyə sahəsində infrastrukturun möhkəmləndirilməsi virusun Azərbaycanda yayılmasının qarşısını almağa imkan verdi. Bu gün Azərbaycan virusla mübarizədə ən qabaqcıl ölkələrdəndir. Mən 2-ci qrup Qarabağ müharibəsi əlilinin qızı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini diqqət və qayğınızı təkcə bu günlərdə deyil, hər zaman hiss edən gənc vətəndaş olaraq Sizə minnətdarlığımı bildirir, müasir dünyagörüşünə sahib, Vətəninə, xalqına bağlı bir gənc və layiqli vətəndaş olmaq, bizə göstərdiyiniz etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm. Möhtərəm cənab Prezident, biz - könüllü gömrükçülər Sizin çağırışlarınıza səs verir, güclü dövlətçiliyimiz və yüksək rifahımız naminə atdığınız addımlara görə Sizə təşəkkürümüzü bildirir və Sizinlə fəxr edirik. Allah Sizi və xalqımızı qorusun!. Biz birlikdə güclüyük!”.