Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Ucar şəhərinin sakinləri Hamiz Maxsudov və Xəzər Ələsgərov Prezidentə yazırlar:
“Hörmətli cənab Prezident, Azərbaycan xalqının sağlamlığı, sosial rifahı üçün göstərdiyiniz fədakarlıqları biz ucarlılar çox yüksək qiymətləndiririk. Sizin məqsədyönlü işləriniz, vaxtında görülən tədbirləriniz hesabına biz böyük bir çətinliyi dəf etməkdəyik. Bütün dünyaya sübut etdiniz ki, biz hər bir işdə olduğu kimi, koronavirusla mübarizədə də doğru yolla getdik. Uğurlu yol seçmək və bu yolla inamla addımlamaq böyük bacarıq və qətiyyət tələb edir. Çox şadıq ki, bunların hamısı Sizdə cəmləşib. Cənab Prezident, Sizi dəstəkləyir, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Siz Azərbaycan xalqının fəxrisiniz”.