Təhlükə sovuşmayıb: “Pandemiyanın ikinci dalğası istisna olunmur”

“Sağlam yaşamaq istəyiriksə, dövlətə dəstəyimizi göstərməli, göstərilən bütün qaydalara əməl etməliyik”




Azərbaycanda koronavirusla əlaqədar olaraq karantin rejimi may ayının 31-dək uzadılıb.
Məhdudiyyətlərin yumşaldılması Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçiriləcək. İctimaiyyət üzvləri də  mövcud situasiyada karantin rejiminin uzadılmasını yeganə düzgün qərar kimi dəyərləndiriblər. 

Bu barədə “Sherg.az”a danışan millət vəkili Aydın Hüseynovun sözlərinə görə, heç bir halda karantin rejiminin tələbləri ilə bağlı yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik: 

 "Nazirlər Kabineti yanında Operativ Qərargahın və müvafiq dövlət qurumlarının məlumatlarına ciddi yanaşmaqla qaydalara əməl etməliyik. Çünki verilən rəsmi məlumatlarda pandemiyanın ikinci dalğasının istisna olmadığı bildirilir". 

Hələ də  pandemiya təhlükəsinin sovuşmadığını xatırladan deputat bildirib ki,  gündəlik yoluxma və sağalma statistikasına nəzər salmaqla təhlükənin hələ də davam etdiyini görürük: 

"Hətta bəziləri karantinin yumşadılmasını pandemiyanın birdəfəlik aradan qaldırıldığı kimi başa düşür. Əslində isə belə olmamalı, sağlamlığımız üçün qaydalara əməl etməli və maarifləndirici tədbirlərin daha geniş arenada yayılmasına öz dəstəyimizi göstərməliyik".

A.Hüseynovun sözlərinə görə,  hər bir vətəndaşımız üzərinə düşən vəzifələrə ciddi yanaşmalı, xəstəlik dalğasının yenidən yayılmaması üçün gigiyenik qaydalara əməl etməlidir:

"Bir sözlə, sağlam yaşamaq istəyiriksə, dövlətə dəstəyimizi göstərməli, göstərilən bütün qaydalara əməl etməliyik. Üzərimizə düşən öhdəlikləri yetərincə dərk edib, özümüzü və cəmiyyətimizi qorumalıyıq.