Həbslər vəzifəli şəxslərə mesajdır: “Qanunsuzluğun qarşısı alınır”

“Hesab edirəm ki, bu həbs məsələsindən sonra çoxlarının yuxusu qaçıb, kürkünə birə düşüb”



Prezident İlham Əliyev tərəfindən həyata keçirilən  kadr islahatları bütün ölkə ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilir. 
Məsələ ilə bağlı öz mövqeyini açıqlayan  ictimai-siyasi xadimlərin fikrincə bu islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır.

Bu islahatlara şəxsən nəzarət edən  Prezident öz çıxışlarında hər zaman bir məqamı vurğulayır ki, biz vətəndaşa ən yaxşı xidməti təqdim etməliyik ki, insanlarımız narazı qalmasın. Təəssüf ki, bəzi məmurlar ölkə başçısının xəbərdarlığına əməl etmir.  Mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edən Ölkə prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi  rayon mərkəzi xəstəxanasının baş həkimindən pul alırlar.  Həm də ölkə rəhbərliyi səviyyəsində bu sahəyə ciddi nəzarət edildiyini, qanunsuz hallara  dözümlülük nümayiş etdirilmədiyini bilə-bilə.

Bu barədə “Sherg.az”a danışan millət vəkili  Elman Məmmədov hesab edir ki, hər kəs cəmiyyətdə öz əməlləri ilə tanınır. Bəzən bu kimi insanlar elə bilir ki, onların əməlləri gizli qalır və heç kimin bundan xəbəri yoxdur. Lakin uca Yaradan, Tanrımız hər şeyi görür. Hər bir insan elədiyi əməllərin cavabını alır.

Prezidentin illərdir,  korrupsiyaya qarşı barışmaz mübarizə apardığını vurğulayan millət vəkili hesab edir ki,  bəzi məmurlar Prezidentin bu bəyanatlarından nəticə çıxara bilmir:  

"İstənilən qanunsuzluğunun qarşısı ciddi şəkildə alınır. Bu günə kimi həbs olunan icra başçılarının  xoşagəlməz sonu digər vəzifəli şəxslərə bir mesajdır. Hesab edirəm ki, bu həbs məsələsindən sonra çoxlarının yuxusu qaçıb, kürkünə birə düşüb. Dövlət sənə yetəri qədər maaş ayırır və sən bunların çərçivəsində addım atmalısan. Bəzi məmurların aldıqları ev, maşın maaşlarına uyğun olmalıdır ki, sonra bu kimi hallarla rastlaşmasınlar. Əgər aldığın maaşından artıq nələrsə etmisənsə, deməli ya dövlətin, ya da vətəndaşın cibinə girmisən. Düşünürəm ki, həyata keçirilən bu islahatlar  ibrətamiz və tərbiyələndirici tədbirlərdir”.