“Azərbaycan düşmənin təlimlərinə qarşı tədbirləri çoxdan görüb” – Polkovnik

“Bu cür təlimlər düşmənə heç nə qazandırmır. Çünki ermənilər genişmiqyaslı hərbi təlimlər keçirmək iqtidarında deyil”



Mayın 8-də işğal altında olan Qarabağda yerləşdirilmiş qanunsuz “hərbi birləşmə”nin əlahiddə tank briqadasının bölmələrindən biri tərəfindən döyüş atışı ilə müşayiət olunan bölük taktiki “hərbi oyunları” keçirilib. Təlimlər Ağdamın işğal altındakı Uzundərə kəndi ərazisində keçirilir. Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrindən eşidilir.

Qarşıdakı həftələrdə işğal altında olan Qarabağda qanunsuz yerləşdirilmiş “hərbi birləşmə”nin bütün bölmələrinin bənzər “hərbi oyunlara” cəlb olunacağı qeyd olunur. 

Hazırda davam edən təlimləri şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a bu cür təlimlərin düşmənə heç nə qazandırmadığını deyib. Ermənilərin heç vaxt genişmiqyaslı hərbi təlimlər keçirmək iqtidarında olmadığını vurğulayan Ş.Ramaldanov un sözlərinə görə, düşmən ordusu bütün təlimləri adətən Uzundərə ərazisində gerçəkləşdirir. Azərbaycanın işğal olunmuş ərazilərdə gedən proseslərə nəzarət etdiyini bildirən ekspert təlimlər haqqında ölkəmizin lazımı qədər məlumatlı olduğunu deyib: 

“Mövcud durumun nəzarətdən çıxmaması üçün Azərbaycan dövləti və Silahlı Qüvvələri tərəfindən müvafiq tədbirlər görülür. Təhlükəsizlik məsələləri götür-qoy edilib, gərəkli tapşırıqlar verilir. Ona görə də əlavə addımlar atmağa ehtiyac yoxdur. Ermənilər bu təlimləri planlı şəkildə keçirirlər. Azərbaycan isə bu cür təlimlərə qarşı tədbirlərini çoxdan görüb”.