Vikipediyada Leyla Əliyeva haqqında özbək dilində bölmə yaradıldı 


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Vikipedia Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın ictimai xadimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA - ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin təsisçisi və sədri, şairə Leyla xanım Əliyeva haqqında Özbək dilində bölmə yaradılmış, Azərbaycan dilində bölmə isə yeni məlumatlarla zənginləşdirilmişdir. 
Yaradılan bölmədə Leyla xanım Əliyevanın həyatı, təhsili, fəaliyyət göstərdiyi sahələr və hərəkatlar, Heydər Əliyev Fondu, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı, ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyi çərçivəsində fəaliyyəti, habelə mədəniyyətlər arası dialoqa verdiyi mühüm töhfələr barədə məlumatlar yer alıb. 
Qeyd olunur ki,  Azərbaycanın daha geniş auditoriyada təbliği məqsədi ilə Leyla xanım Əliyeva tərəfindən 19 dekabr 2007-ci ildə Rusiyada “Baku” jurnalını təsis edilir və o, 2008-ci ilin mayayından İslam ƏməkdaşlıqTəşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru seçilməklə bu təşkilat çərçivəsində uğurlara imza atır.  

Bölmədə ictimai xadim, Heydər Əliyev Fondunun  vitse prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində aparılan işlər və bu hərəkat nəticəsində dünyanın onlarla ölkəsi, ABŞ-ın 22 ştatı, 60-a yaxın dövləti özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsini soyqırım kimi tanıdığı qeyd olunur. 

Bölmədə tanınmış ictimai xadim, şairə Leyla xanım Əliyevanın yaradıcılığına da nəzər salınmış, onun aktiv bədii yaradıcılığı ilə bərabər, həm də rəssamlıq, rejissorluq kimi sahələrdə fəaliyyəti haqqında məlumat verilir. Leyla xanım Əliyevanın  yaradıcılığında onun şah əsəri olan, babası Heydər Əliyevə həsretdiyi Elegiya şeirinin  ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılandığı yazılır. Şairənin  “Sanki bir alovsan”, “Dünya yuxutək əriyir...”, “Ulduzlar göylərdə düzülsəydi sırayla” əsərləri haqqında məlumat verilir, onun ilk dəfə olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə  Özbək dilinə tərcümə olunmuş “Dunyo tushdek erib bormaqda (Dünya yuxutək əriyir) ... ” adlı şeirlər kitabı vasitəsi ilə əsərlərinin Özbəkistan oxucularına öz ana dillərində təqdim olunduğu bildirilir. 

Məlumatlar arasında xüsusi ilə Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar yaradılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası barədə yazılır, planetimizin üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etmək, gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə görülən işlər işıqlandırılır.
Bölmədə ictimai xadim və şairə Leyla xanım Əliyevanın əsərləri, mükafatları, yaradılmış qalereyada isə bir sıra fotoşəkilləri yer alır. 
Yaradılmış bölmə ilə https://uz.wikipedia.org/wiki/Laylo_Aliyeva adlı linkdə tanış olmaq mümkündür.