“Orduya istiqamətlər veriləcək ! ” – Hərbi təlimləri zəruri edən amil  

“Hərbi təlimlər döyüş hazırlığının gücləndirilməsi üçündür” 

“Belə təlimlərin keçirilməsi gələcəkdə ordumuzun gücləndirilməsinə xidmət edəcək” 


 Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərə 10 000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin, təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq. Təlimin niyyətinə əsasən, düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin, silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur. 



Keçiləcək təlimlərin ordumuzun gələcəkdə gücləndirilməsinə xidmət etdiyini deyən ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Sherg.az”a açıqlamasında bildirib ki, bütün kateqoriyadan olan heyət təlimlərdə iştirak edəcək. Onun sözlərinə görə, Azərbaycanın Silahlı Qüvvələrində təlim zamanı bəzi müasir texnikalardan istifadə ediləcək: 

“Eyni zamanda hərbi hissələrin döyüş hazırlığı nümayiş olunacaq və onların hazırlığı üçün müəyyən məsləhətlər, istiqamətlər veriləcək. Ümumiyyətlə, belə təlimlərin keçirilməsi hər an ordumuzun xeyrinədir.

Bu təlimlərin keçirilməsi sülh şəraitində yaşayan insanlara təzyiq kimi anlaşılmalı deyil. Təlimlər Azərbaycan ordusunun mənəvi-psixoloji durumunun inkişafı və döyüş hazırlığının gücləndirilməsi üçündür. Ona görə də belə təlimlərin keçirilməsi gələcəkdə ordumuzun gücləndirilməsinə xidmət edəcək”.