“Signify”ilə əməkdaşlıq nəticəsində Bakıda 33 min LED işıq quraşdırılacaq və çox böyük həcmdə enerjiyə qənaət ediləcək”
“Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Qeyd edək ki, 1891- ci ildə yaradılan “Signify” dünyanın məşhur şirkətlərindən biridir. 74 ölkədə fəaliyyət göstərən bu şirkət 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir. “Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir.
Sözügedən videokonfransı “Sherg.az”a şərh edən millət vəkili Kamilə Əliyeva deyib ki, ölkəmiz insan kapitalına önəm verən, yüksək texnologiyaların istehsalçısı, istehlakçısı, istifadəçisi olan ölkələrdən biri olmaq yolunda böyük addımlarla addımlamaqdadır:
“Bunu ölkə Prezidenti ilə mayın 22-də “Signify” şirkətinin rəhbərliyi arasında keçirilən videokonfransdan əyani şəkildə görmək olar. Dünyanın ən məşhur 10 "yaşıl" şirkətindən olan adıçəkilən şirkətlə əməkdaşlıq və onun daha da inkişaf etdirilməsi yeni texnolgiyaların mənimsənilməsi və onlardan istifadə edilməsində çox mühüm və vacib addımlardandır".
Millət vəkili deyib ki, həmin şirkətlə əməkdaşlıq nəticəsində Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək:
"Bunun da nəticəsi olaraq, qənaət göstəricisi minimum 50 faiz təşkil edəcək. Ölkə Prezidentinin də müzakirələr zamanı qeyd etdiyi kimi, bu birinci layihədən sonra birgə fəaliyyətin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlar var. Həmin planlara əsasən birinci mərhələdə böyük şəhərlər əhatə olunacaq. "Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq"-deyərək, dövlət başçısı Azərbaycanın bu cür əməkdaşlıqlarda bir daha maraqlı olduğunu bildirdi. Daha sonra "Sizin şirkətiniz bu sahədə dünyada aparıcı şirkətlərdən biridir. Ona görə də nə qədər çox yeni texnologiya ixtira etsəniz, birgə əməkdaşlığımız üçün bir o qədər çox imkan yaranacaq"-deyən Azərbaycan Prezidenti ölkəmizin yeniliklərə, yeni texnologiyalara tam açıq olduğunu söylədi və qeyd etdi ki, bunun özü də nəticə etibarı ilə dinamizmə, tərəqqiyə, insanların rifahına gətirib çıxarır. Odur ki, ölkəmizin, dövlət başçımızın bu yöndəki addımları da təqdirə və alqışa layiqdir. Bunlar birbaşa ölkəmizin inkişafına, tərəqqisinə xidmət edir".