“ “Signify”nin Azərbaycana marağı dünyadakı reytinqimizdən qaynaqlanır”

“Bu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə əlverişli biznes və sərmayə mühitinin yaradılmasının nəticəsidir”




Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin rəhbər şəxsləri arasında videokonfrans keçirilib. Görüşdə şirkətin  baş icraçı direktoru Erik Rondolat təmsil etdiyi qurumun şəhər işıqlandırması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu vurğulayıb və hazırda Azərbaycanın aidiyyəti qurumları ilə birlikdə paytaxtın işıqlandırılmasına dair layihə üzərində iş aparıldığını qeyd edib. 
E.Rondolat Bakı şəhərinin bütövlükdə işıqlandırma sisteminin idarə edilməsi layihəsinin "Signify" şirkəti tərəfindən hazırlanaraq təqdim olunmasını təklif edib.

Prezident İlham Əliyev "Signify" şirkətinin nümayəndələrinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Dövlətimizin başçısı Bakı şəhərinin işıqlandırılması sisteminin idarə edilməsinin təkmilləşdirilməsi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələrin aparılmasının və müvafiq layihələrin hazırlanmasının önəmini vurğulayıb.

Sözügedən videokonfransı dəyərləndirən ekspertlərin fikrincə Azərbaycanın müasir informasiya texnologiyalarına yiyələnmək təşəbbüsü dünyanın nüfuzlu şirkətlərindən olan "Signify" şirkəti tərəfindən böyük maraqla qarşılanır və bu şirkət ölkəmizdə mühüm layihələr reallaşdırmaq niyyətindədir. 

Bu barədə “Sherg.az”a danışan Beynəlxalq idarəetmə standartları üzrə ekspert-məsləhətçi Asif İbrahimov  Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasının iki mərhələyə bölündüyünü deyib. İqtisadçının sözlərinə görə,  ilk mərhələ “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayıb: 

“Bu mərhələdə mərhum prezidentimiz ümummilli lider Heydər Əliyev müharibə şəraitində olmağımıza rəğmən  müxtəlif sahələr üzrə investorların cəlb edilməsini təmin edə bilmişdi.  Bu, elə də asan məsələ deyildi və bu mərhələdə  Azərbaycana  ancaq neft və neft sektoruna yaxın olan fəaliyyət  sahələrində çalışan beynəlxalq şirkətlər  yatırım etmək istəyirdi. 

İkinci mərhələ isə 2015-ci ildən etibarən başladı. Neftin qiymətinin aşağı düşməsi və neft erasının artıq bitməsi fonunda  Azərbaycan yeni bir mərhələyə start  verdi. Qarşımızda duran başlıca məqsəd qeyri- neft sektorunun inkişafına nail olmaq idi. Bu illər ərzində ölkəmizdə iqtisadiyyat və  biznesə ayrılan diqqət artıq öz bəhrəsini verməyə başlamışdı. Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” Hesabatına görə, Azərbaycan 2019-cu ildə 32 pillə  irəliləmişdi ki, bu da kifayət qədər böyük göstəricidir. 

Bu irəliləyiş isə ölkədə keçirilən inzibati idarəçilik, qanunvericiliyin təkmilləşdirilməsi və lisenziya və icazələrin alınması kimi sahələrdə əldə olunan ciddi uğurların göstəricisidir. Bütün beynəlxalq ölkələr hansısa ölkəyə investisiya qoyarkən bu reytinqləri izləyir və ona uyğun qərar verir. “Signify” şirkətinin Azərbaycana olan marağı da məhz buradan qaynaqlanır. Yəni dünyanın aparıcı və böyük şirkətlərindən biri olan "Signify" kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə əlverişli biznes və sərmayə mühitinin yaradılması, həmçinin aparılan genişmiqyaslı islahatların nəticəsidir”.

Sözügedən şirkətin fəaliyyəti barədə məlumatlı olduğunu vurğulayan ekspert  100 ildən artıq tarixi olan “Signify”la əməkdaşlığın Azərbaycan üçün kifayət qədər əhəmiyyətli olduğunu deyib:

“Signify" şirkəti 74 ölkədə fəaliyyət göstərir, 140 ölkəyə xidmət və məhsul satışı həyata keçirir. Bu şirkət işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, həm də 10 "yaşıl" şirkətdən biridir”.

Vəzifəyə təyin olunan yeni icra başçılarını videoformatda qəbul edən prezident İlham Əliyevin nitqini xatırladan A. İbrahimov deyib ki,  ökə başçısı gənc icra başçılarını təşəbbüskar olmağa, rayona investisiya cəlb etməyə çağırıb:“Sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki, açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb”.

Bizim əksər rayonuzun gözəl və cəlbedici imkanları var. Sadəcə, bu istiqamətdə səylər göstərmək lazımdır. Artıq icra qurumlarının fəaliyyətində yeni yanaşma ortaya qoyulmalıdır. Məncə, icra başçılarının bölgələrə  xarici investorlar cəlb etməsi istiqamətindəki rolunu stimullaşdırmaq üçün  
fəaliyyət indiqatorları qoymaq və onların bu istiqamətdəki addımlarını nəzarətdə saxlamaq olar.