“Mütləq vaxtında müayinədən keçmək lazımdır ki, miokard infarktı ilə sizi xəstəxanaya aparmasınlar”
“ Miokard infarktı zamanı xəstələrin demək olar ki yarısı xəstəxanaya çatmadan dünyasını dəyişirlər"
“Kardioqramma ürək haqqında 15 faiz informasiya verir və keçirilmiş infarktı göstərir. İnfarkta doğru irəliləyən xəstəlik mərhələsini görə bilmir”
Son illər ürək-damar xəstəliyindən əziyyət çəkən insanların sayı çoxalıb . Xüsusən də infarktın xeyli cavanlaşdığı müşahidə edilir. Mütəxəssislər isə deyir ki, infarkt zəlzələ kimidir - onu qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Hətta ürəyindən heç bir şikayəti olmayan, özünü tam sağlam hiss edən insanlarda infarkt inkişaf edə bilər. Bu səbəbdən də hər bir insan ildən 1 dəfə profilaktik müayinədən keçməlidir. Müayinələr arasında isə EKQ-dan (elektrokardioqramma) keçmək də çox vacibdir. Bu sadə və çox da bahalı olmayan müayinə ürəyin vəziyyətini tam qiymətləndirməyə imkan verir.
Kardioloqların sözlərinə görə, bəzi az bilinən simptomlar var ki, onlar insanda infarktın yaxınlaşmasına işarə edə bilər. İnsanların əksəriyyəti bu simptomları bilmir, onlara fikir vermir və ya digər xəstəliklərlə əlaqələndirirlər. Lakin insan bu simptomlara vaxtında fikir verib həkimə müraciət etməklə hətta öz həyatını xilas edə bilər. Bu simptomlar mədə qıcqırması və gəyirmədır. Əgər bu simptomlar sizi tez-tez narahat etməyə başlayıbsa, vaxt itirmədən həkimə müraciət edin. Hər bir insanda vaxtaşırı olaraq bu simptomlar əmələ gələ bilər. Lakin bu simptomların artdığını, daha tez-tez təkrar olunduğunu müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin. İnfrakt keçirmə ehtimalınızı əvvəlcədən necə bilmək olar?
Suallarımızı cavabıandıran Kardioloq Emil Hasilov “Sherg.az”a deyib ki, infarkt çox vaxt gəlirəm demir, amma istər- istəməz xəstələrdə infarkt öncəsi müəyyən şikayətlər olur:
"Məsələn, fiziki aktivlik zamanı pilləkən qalxarkən, tələsik yol yeriyərkən, yoxuş qalxarkən, ağır bir iş görərkən sinədə yaranan göynəmə hissi, tez yorulma, halsızlıq kimi əlamətlər, arterial təzyiqin tez -tez yüksəlməsi baş verir. Bu artıq ürəyin işemik xəstəliyi olma ehtimalının siqnalı ola bilər! Mütləq vaxtında müayinədən keçmək lazımdır ki, miokard infarktı ilə sizi xəstəxanaya aparmasınlar. Çünki miokard infarktı zamanı xəstələrin demək olar ki yarısı xəstəxanaya çatmadan dünyasını dəyişirlər".
Kardioloqun sözlərinə görə, qəfləti ürək ölümləri arasında miokard infarktı birinci yerdədir. Əksər hallarda miokarddan əvvəl bir şikayət olur, heç bir narahatlıq olmadan miokard infarktı keçirənlər də var. Ən çox kokain və tiryək istifadə edənlərdə koronar spazm və qəfləti infarkt çox rast gəlinir. E. Hasilov deyib ki , kimin valideynlərindən birində və ya hər ikisində ürək xəstəliyi varsa, infarktdan, insultdan dünyasını dəyişibsə və ya qəfləti ölüm olubsa mütləq müayinə olunmalıdır:
“Miokard infarktı damarda olan aterosklerotik düyünün partlaması və cırılması nəticəsində zədələnmiş nahiyəyə trombositlərin hücumu nəticəsində yaranır. Bu dinamik bir prossesdir. Qidalandırdığı hövzənin kollateral damarları yaranmayan koronar arteriyanın trombotik tıxanması infarkta səbəb olur. İnfarktın əlamətlərinə gəldikdə isə həkim deyib ki, sinədə yaranan və 20 dəqiqədən artıq davam edən, sol qola (bəzən hər iki qola), kürəyə, çiyinə, çənəaltı nahiyəyə, epiqastral (qarının üst hissəsi) nahiyəyə və s. yayılan yandırıcı, göynədici, sıxıcı, kəskin ağrılar, tər basma, ürəkdöyünmə, bəzən başgicəllənmə, huşun alaqaranlıqlaşması, ürəkbulanma, qusma və kəskin halsızlıqdır. Aortanın cırılması və pulmonar arteriyanın tromboemboliyasından fərqli olaraq burada ağrı yavaş yavaş artmağa doğru inkişaf edir. Ağrının qarına yayılması, ürəkbulanma və qusma bəzən xəstələri və təcrübəsi az olan həkimləri çaşdıraraq xəstənin mədə bağırsaq şikayəti olduğunu düşündürür. Bu formada şikayətləri olan xəstələr çox vaxt buna görə kardioloji mərkəzə deyil, başqa mərkəzlərə aparılırlar ki, nəticədə vaxt itkisinə və ölümə səbəb olur. Xəstəliyin diaqnozu ilkin olaraq xəstənin anamnezinə, instrumental (elektrokardioqrafiya, exokardioqrafiya ) və laborator analizlərə əsasən əksər hallarda asanlıqla qoyulur. Elektrokardioqrafiya ilə əksər hallarda ilkin diaqnoz qoyulur. Xəstəyə ilkin yardım edilir və xəstəxanaya çatdırılır. Xəstənin ilk 6-12 saatda invaziv (koronar angioqrafiya və angioplastika üçün) mərkəzə çatdırılması məsləhət görülür. Əgər xəstə bu dönəmdə invaziv mərkəzə çatdırıla bilmirsə o zaman xəstəyə trombolitik müalicə və digər dərman müalicəsi başladılır".
Kardioloq Günay Rəhimova isə deyib ki, ürəkdə üç böyük damar var. Onlar ürəyə qida verir, tutulduqları halda ürək qansız qalır və işemiya, stenokardiya, infarkt yaranır:
“ Damarlardan hər hansı birindəsə 75 faiz darlıq olarsa, pasiyent yol gəzərkən sinə hissəsində göynəmə hiss edir. Əksəriyyət bu göynəməni əzələ ağrısı kimi görüb laqeyd yanaşır. Bəzən təkcə sol qolda özünü biruzə verən ağrı, bəzən də hər iki qolda dirsəkdən aşağı olur. Bu ağrılar isə ilkin mərhələdə sadəcə fiziki hərəkət zamanı özünü büruzə verir. Pasiyent bu şikayətləri gözardı edib həkimə müraciət etməsə, damarların tutulması artacaq və artıq sonrakı mərhələdə aparılan müayinələr bir nəticə verməyəcək. Bəzən həkimlər kardioqramma (EKQ) olunduqlarını iddia edərək infarkt ehtimallarını inkar edirlər. Halbuki kardioqramma ürək haqqında 15 faiz informasiya verir və keçirilmiş infarktı göstərir. İnfarkta doğru irəliləyən xəstəlik mərhələsini görə bilmir. Exokardioqrafiya ( EXO) isə 70-80 faiz dəqiq məlumat verir. Əgər insan infarkt keçirməyib və ürəyin gücü aşağı düşməyibsə, bu zaman exo normal göstərəcək. Bu zaman xəstənin şikayətlərinə əsasən o hərəkətdə ola- ola kardioqramması çəkilir. Bu zamanda damarda darlıq olub olmadığı aşkar olunur. Ürək haqqında maksimum informasiyanı isə angioqrafiya (anju) verir. Miokard sağlam olduqda biz elektrokardioqrammada R dişi deyilən bir dişcik görürük və bu R dişi aydın, uzun, olmalı olduğu yerində olur. Elə ki tromb damar mənfəzini tutur elektrokardioqrammada bu R dişi get gedə kiçilməyə və Q dişi dediyimiz xəstə zədəli dişlə əvəz olunmağa başlayır. Bax bu dönəmdə əgər biz çox sürətli davransaq, xəstə təcili şəkildə angioqrafiyaya göndərilsə və onun tutulmuş damarı qısa müddətdə açılsa xəstə toxumanın yaranması geriyə qayıdan proses olur və ürək əzələsinin sağlamlığı itirilmir”.
G. Rəhimovanın sözlərinə görə, qeyd olunan ağrıları əksər zaman şəkər xəstələrində anlamaq olmur. Çünki şəkər ağrı impulslarını öldürür, amma şəkəri olmayan xəstələrdə mütləq ağrı olmalıdır:
"Ağrı o deməkdir ki, ürəyin üzərindən keçən damarlarda artıq darlıq var. Tutaq ki, darlıq 95 faizə gəlib çıxıb, bu, ana damardırsa və bu rəqəm qəfildən yüz faiz olursa, ürək qansız qalır və ya dərhal dayanır. Şəkəri olan xəstələrdə infarkt və stenokardiya gizli, lal şəkildə keçir, bunu çox zaman xəstə sadəcə tənginəfəslik və boğulma olaraq hiss edir. Belə olan halda müayinə daha ətraflı aparılmalı, xəstəyə həm exokardioqrafiya, həm tredmil test, gərəkərsə koronar angioqrafiya icra edilməlidir”.
Döş qəfəsindəki sancma, batma, deşmə kimi ağrıların ürəyə aid olmadığını vurğulayan həkim deyib ki, sadalanan əlamətlər daha çox mədə, qidaborusu, ağciyərə aiddir:
“Ürəyin əsas əlaməti göynəmə və yanmadır. “Elə bil sinəmə köz töküblər” deyimi də buradan irəli gəlir. Kardioloqun sözlərinə görə, genetik ürək xəstəliyi olan insanlarda baş verən qəfil ölüm səbəblərinin isə ürək damarlarındakı daralma ilə heç bir əlaqəsi yoxdur. Bunlar hüceyrə səviyyəsində pozuntulara sahib olan insanlardır. Genetik ürək xəstələrini kardioqramma ilə müəyyən etmək olur. Bəzən böyrək əməliyyatı üçün kardioqramma elədiyimiz xəstələrdə genetik ürək xəstəliyi üzə çıxır. Bundan xəbərsiz xəstələr isə hər hansı bir hərəkət zamanı və ya qorxulu yuxu gördüyü zaman ürək döyüntüləri artsa ölə bilər. Sağlam insanın ürəyi həmin döyüntülərə dözsə də, genetik xəstəliyi olan insanlar həmin andaca dünyasını dəyişir. Bunun üçün də mütləq həkim müayinələrindən keçmək lazımdır. Nəzərə alaq ki, bütün xəstəliklərin əsası illər öncə başlayır, öz siqnallarını ara sıra verir, ürəkdə yaranan dəyişikliklər ilk öncə zəif, sonra get-gedə artan şəkildə bizə əlamətlərini bildirir, zamanında dinləyib həkimə getmək lazımdır. Profilaktika çox önəmlidir, xəstəlikləri önləmək, orqanizmin parametrlərini normada saxlamaq ağır xəstəliklərin qarşısını alacaq. Həmçinin idman, düzgün qidalanma, təzyiqə, şəkərə nəzarət hər şeyin normada olması üçün zəmin yaradacaq”.
G. Rəhimovanən sözlərinə görə, ürək şikayətləri ilə həkimə müraciət edən xəstələrə qarşı sovet müalicə üsulundan qaçmaq lazımdır. Bəzi həkimlər ciddi ağrıları olan pasiyentə heç bir faydası olmayan ürək qidalandırıcılar yazır. Bu düzgün müayinə üsulu deyil.