Boşluqlar var: “Karantin rejimi ilə bağlı sərt qaydaların tətbiqi labüd idi” 

"Bu istiqamətdə maarifləndirmə və inzibati tədbirlərin gücləndirilməsi zəruri idi”

“İş- işdən keçəndən, yoluxma sayı rekord həddə yüksələndən sonra maska taxmaq məcburiyyəti effektiv deyil”



Karantin rejimi yumşalandan sonra koronavirusa yoluxanların sayında rekord sayda  artım qeydə alınır. Həkimlər artımın baş verməsinin səbəbini insanların hələ də koronavirus xəstəliyini ciddiyə almaması və qapalı məkanlarda olarkən tibbi maska taxmamasında görürlər.

Bu mənzərənin  gözlənilən olduğunu vurğulayan ekspertlər karantin rejimi bitdikdәn sonra insanların xaotik hәrәkәti, kütləvi toplaşma hallarının olması  fonunda belə bir ehtimalı göz önündә tutduqlarını qeyd edir. Hesab edirlər ki, Karantin rejiminin yumşaldılması bəzi insanlarda fikir formalaşdırdı ki, guya Azərbaycanda artıq xəstəlik yoxdur və qaydaları gözləmək, maska taxmaq, sosial məsafəni qorumaq lazım deyil. 

Tibb eksperti, professor “Adil Qeybulla” isə  “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanda COVİD-19-la mübarizənin təşkilinə Operativ Qərargah cavabdeh olduğundan nəticənin bu səviyyəsə yüksəlməsi TƏBİB,  tibb mütəxəssisləri və digər inzibati strukturlardan cəlb olunan  şəxslərin fəaliyyətinin  qənaətbəxş olmadığını göstərir. Deməli, haradasa yanlışlıq var.  Professorun sözlərinə görə, karantin dövrünün ən sərt mərhələsində belə  SMS icazələrindən sui-istifadə halları çox oldu: 



"Sosial izolyasiya qaydalar pozuldu, vətəndaşlar istədiyi kimi gəzir, bir- birinin evinə qonaq gedir, həyətlərdə ziyafətlər təşkil edirdilər. Bütün bunlar isə yoluxmaların günü- gündən artmasına  səbəb olurdu. Bu gün yaşadığımız ikinci dalğa məhz həmin günlərdə baş verən nəzarətsizliyin nəticəsidir. Həmçinin karantin qaydalarını yumşaltmadan əvvəl insanlara  qaydalar izah olunmalı, sərt tələblər irəli sürülməli idi.  Verilən informasiyalar, sadəcə, konstatasiya xarakteri daşıyır. Bu istiqamətdə fəaliyyətə yenidən baxılmalıdır. Ya biz bu yolla yoluxma sayını azalda və ağırlaşma, ölüm hallarını minumumda saxlaya bilərik, ya da kollektiv (kütlə) immunitetinə doğru gedəciyik. Kollektiv immunitetin yaranması üçün ən azı 70% əhalinin yoluxması tələb olunur ki, virus tədricən yoxa çıxa bilsin. Bu isə paralel olaraq ciddi itkilər deməkdir”.

Tibb eksperti hesab edir ki, karantin qaydalarının yumşaldılması fonunda sosial məsafə gözləmək, maska taxmaq, əllərin mütəmadi sabunla yuylması və dezinfeksiya tədbirlərinə  əməl edilməsinə dair nəzarətin ciddiləşdirilməsi və sərt qaydaların tətbiqi labüd idi: 

"Təəssüf ki bu sahədə ciddi boşluqlar oldu. Bu istiqamətdə maarifləndirmə və inzibati tədbirlərin gücləndirilməsi zəruri idi. İş- işdən keçəndən, yoluxma sayı rekord həddə yüksələndən sonra maska taxmaq məcburiyyəti effektiv deyil. Bu mənada yoluxma ilə bağlı  bütün məsuliyyət Operativ Qərargahın çiyinlərindədir".