“Sosial media platforması özü redaktorluğa gedirsə, bu mənə görə də ifadə azadlığını zədələyir və Tramp bu durumda haqlı görünür”
Donald Trampın “Twitter” ilə çəkişməsi bütün dünyada “sosial şəbəkələr necə tənzimlənməlidir” sualını aktuallaşdırıb. Bir zamanlar Donald Trampın əsas informasiya dəstəkçisi olan “Twitter”, indi “xidmətinin qarşılığını almaq” iddiasına düşüb.
“Twitter” administrasiyasının Trampın tvitlərini gizlətməyə, bloklamağa başlayıb, onlara "saxta, yalan ola bilər" işarəsi əlavə etməsini ciddi hadisə kimi dəyərləndirən hüquqşünas
Ələsgər Məmmədli deyib ki, sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir; fəaliyyətləri şəffaf və hesabatlı deyil:
“Donald Trampın sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərar qəbul etməsinin ictimai müzakirə baxımından çox önəmli tərəfləri var. Məsələ həqiqətən ciddidir və müzakirəyə açıqdır. Əgər sosial şəbəkə sadəcə bir alt yapı kimi (platforma) hərəkət etsə, gərək məzmuna qarışmasın və yalnız məzmun hüquqi mübahisələndirildikdən sonra hüququn əmr etdiyini icra etsin. Amma sosial media platforması özü redaktorluğa gedirsə, bu mənə görə də ifadə azadlığını zədələyir və Tramp bu durumda haqlı görünür. Sosial şəbəkənin özbaşına (hüquqi yol olmadan) hansısa paylaşıma yalan, böhtan, saxta xəbər və s. deməsi artıq məzmuna rəydir və platforma funksiyasını aşır".
Bununla belə ekspert qarşı tərəfin də qüsurları olduğunu deyib. Onun sözlərinə görə, tviterin D. Trampın paylaşımlarına məhdudlaşdırıcı işarə qoyması, burada yalan, böhtan ola bilər kimi ifadələrlə təqdim etməsi yanlış addımdır:
" Məhkəmə qərarı olmadan belə bir müdaxilə ifadə azadlğının pozulması hesab olunur.
İkici məsələ isə bundan qıcıqlanan Trampın sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalamasıdır. Tramp hesab edir ki, aktiv siyasətlə məşğul olan sosial medialar onun siyasətinə qarşıdır. Bundan çıxış yolunu da sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaqda görür. Bu isə yolverilməzdir. Sosial şəbəkələrin özü bir platformadır".
ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı verdiyi qərarın Azərbaycana təsirinə gəldikdə isə media eksperti deyib ki, ölkəmizdə sosial media üzərindəki məzmun birmənalı olaraq tənzimləndiyi üçün analoji qərarın bizdə verilməsi gözlənilən deyil:
“Bununla bağlı bir sıra qanunlara əlavə və dəyişikliklər də edilib”