Prezident İlham Əliyev “Qobu Park-3” yaşayış kompleksinin açılış mərasimində bir neçə ciddi mesaj səsləndirib. Onlardan biri, məcburi köçkünlərin məskunlaşdıqları yaşayış komplekslərinin müvəqqəti xarakteri ilə bağlıdır.
Cənab Prezident bu mesajı verməklə həm işğalçı ermənilərə, eyni zamanda daxili auditoriyanı çaşdırmağa çalışan radikal müxalifətə öz mövqeyini bir daha qəti şəkildə çatdırmış oldu. Prezident İlham Əliyev öz çıxışında, erməni siyasi “elita”sının danışıqlar prosesi ilə bağlı, öz daxili auditoriyalarına hesablanmış yalanlarını da ifşa etdi.
Son illər ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər görüldüyünü vurğulayan millət vəkili Aydın Hüseynov “Sherg.az”a deyib ki, “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir:
“Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə ünvanlanan tədbirlər Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Ölkəmiz MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşır. Buna baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkədir”.
Millət vəkili bildirib ki, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə qəbul edilmiş Dövlət Proqramlarının icrası sayəsində onların sosial durumu, yaşayış şəraiti yaxşılaşıb:
“Onlar üçün 100-dən artıq qəsəbə və yaşayış kompleksləri inşa edilib. Çocuq Mərcanlıda və vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 1000-dən artıq məcburi köçkün ailəsi üçün inşa edilmiş müasir şəhərcik istifadəyə verilib. Bütün bunlar onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir.
Digər tərəfdən isə onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları, qəsəbələr salınır və minlərlə köçkün bu torpaqlara qayıdır”.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə də diqqət çəkərək vurğulayıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində “Qobu Park” yaşayış kompleksləri yaradılmaqdadır. İndiyədək 2 yaşayış kompleksində minlərlə ailə evlə təmin edilib. Cənab Prezidentin və Mehriban xanımın iştirakı ilə “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi isə dövlətin onlara olan qayğısının ən yüksək nümunəsidir.