"Böyrək, ürək çatışmazlığı, yüksək qan təzyiqi olan, şəkərli diabetdən əziyyət çəkənlər vaxtlı-vaxtında dərmanlarını qəbul etməli, özlərini izolyasiya etməlidirlər”
“Bu virus da əsasən immun sistemi zəif olan insanları risk altında qoyur”
"Koronavirus həmişə olub, bundan sonra da olacaq. Bizim bədənimizdə milyardlarla mikrob var. Necə ki biz bu günə qədər onlarla yaşamağı öyrənmişik. Bundan sonrakı mərhələdə də koronavirusla yaşamağı öyrənəcəyik. Amma etiraf edim ki, öyrənmə proses bizim üçün çətin və ağrılı olacaq. İstənilən halda yoluxanlar və rəhmətə gedənlər olacaq". Bu sözləri Sherg.aza tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.
İsti havalarda virusların yayılma sürətinin aşağı düşəcəyi ilə bağlı ehtimalı dəyərləndirən tibb eksperti deyib ki, bu real müşahidədir. Amma virusun yayılma sürəti məhz havaların istiliyi ilə bağlı aşağı düşmür:
"İstilik virusu məhv edir yanaşması yanlışdır. Virusun fəaliyyətini deaktivasiya edən temperatur 60-65 dərəcədir. Dünyanın hansı nöqtəsində havanın temperaturu 60 dərəcə yüksəlir. Virusu öldürən istilik deyil, günəş şüasıdır. Günəşin tərkibindəki ultrabənövşəyi şüalar virusun zülalını denaturasiyaya uğradır. Bu zaman da belə bir sual ortaya çıxır: Biz gündəlik həyatımızda günəş şüası ilə nə qədər təmasda oluruq.
İnsan həyatında günəşdən qorunma faktoru çox yüksəkdir. Biz maksimum dərəcədə günəş şüası ilə az təmasda olmağa çalışırıq. Bu səbəbdən ya aylarında virus məhv olacaq gözləntimiz özünü doğrultmayacaq. Koronavirus başlayanda Brazilyada yay idi, amma orda yoluxma sayı pik həddə qədər yüksəldi. Mənim fikrimcə yay mövsümündə yoluxmanı azaldan mühüm faktor təbii qidalardan istifadə ilə bağlıdır.
Meyvə tərəvəz çox yeyirik deyə immun sistemimiz xəstəliyə qarşı dözümlü olur və virusun sürəti aşağı düşür. Eyni zamanda isti aylarda gündüz saatları daha çox olduğundan insanlar daha çox hərəkət edirlər, özlərini daha yaxşı hiss edilər ki, bu da onların immun sistemini möhkəmləndirir".
V.İsmayıl yoluxma hallarının artmasını nəzərə alaraq, virusdan qorunma ilə bağlı indiyə qədərki tövsiyələrə ciddi şəkildə əməl edilməsinin vacibliyini bir daha vurğulayıb:
“Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək. Ona görə də insanlar mütləq şəkildə sosial məsafəni qorumalı və gigiyenik qaydalara əməl etməlidirlər. İnsanlar həmçinin düzgün qidalanmalı, mütləq şəkildə meyvə-tərəvəz balansına fikir verməlidirlər. Çoxlu su içmək isə həmişə məsləhətlidir”.
Koronavirus pandemiyası ilə bağlı əhalinin inamsızlığına gəldikdə isə V. İsmayıl deyib ki, bu laqeydlik insan xarakterindən irəli gələn məsələdir və "universal görüntü" daşıyır:
"Dünyanın hər yerində belə adamlar var. Virusun mövcudluğuna inanmayanlar kifayət qədər yaxşı qorunur".
Həkimin sözlərinə görə, böyrək, ürək çatışmazlığı, yüksək qan təzyiqi olan, o cümlədən də şəkərli diabetdən əziyyət çəkən xəstələrin xüsusi risk qrupuna daxil olduğu üçün virusa asanlıqla yoluxa bilirlər:
" Bu virus da əsasən immun sistemi zəif olan insanları risk altında qoyur. Sadalanan xəstəlikləri olanlar, eləcə də şəkər xəstələri vaxtlı-vaxtında dərmanlarını qəbul etməli, ilk növbədə özlərini izolyasiya etməlidirlər. Əgər belə xəstələr özlərini qorumasalar, onların yoluxma riski iki-üç dəfə artacaq”.