“Maskasız olan şəxs əgər xəstədirsə, o, 60 nəfəri, həmin 60 nəfər isə bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurar”
“Vətəndaşlarımız karantin rejiminin qaydalarına riayət etməli, özləri, ailələri və cəmiyyətimiz qarşısında məsuliyyətlərini dərk etməlidirlər"
Dövlət tərəfindən koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atılsa da, bəzi insanların məsuliyyətsizliyi, qərarlara riayət edilməməsi, tibbi vasitələrdən istifadə edilməməsi əldə edilən pozitiv nəticənin qorunmasına imkan vermədi.
Son günlər yoluxma sayı kəskin artaraq 270-i keçib. Halbuki xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdi.
Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra isə əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkünsüz oldu. Bu səbəbdən də səlahiyyətli şəxslər və mütəxəssislər hesab edir ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.
Millət vəkili Sədaqət Vəliyevanın sözlərinə görə, koronavirus təhlükəsi hələ də davam etdiyindən infeksiya ilə mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. İndiki dövrdə isə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.
Mütləqdir ki, ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün işlənilmiş qaydalara həmin obyektlərin sahibləri, vətəndaşlar riayət etməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Deputat təəssüflə qeyd edib ki, bəzi vətəndaşlar pandemiyanın başa çatdığını düşünərək ictimai nəqliyyatda, insan çoxluğu olan ərazilərdə gigiyena qaydalarına riayət və maskalardan istifadə etmirlər:
"Maskasız olan şəxs əgər xəstədirsə, o, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurar. Bu isə xəstəliyin daha da alovlanması ilə nəticələnə bilər. Bu səbəbdən vətəndaşlarımız maksimum diqqətli olmalı, karantin rejiminin qaydalarına riayət etməli, özləri, ailələri və cəmiyyətimiz qarşısında məsuliyyətlərini dərk etməlidirlər".