İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Videokonfransda həmçinin Azərbaycanın maliyyə naziri Samir Şərifov, Asiya İnkişaf Bankının Direktorlar Şurasında Azərbaycan üzrə icraçı direktor Antoni Makdonald, Mərkəzi və Qərbi Asiya üzrə baş direktor Verner Lipax və bankın Azərbaycan ofisinin direktoru Nariman Mannapbekov iştirak ediblər.
Asiya İnkişaf Bankı ilə ölkəmiz arasındakı əməkdaşlığın əsas istiqamətlərini dəyərləndirən beynəlxalq qiymətləndirmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov "Sherg.az"a açıqlamasında deyib ki, AİB-i Azərbaycan üçün strateji əhəmiyyətli tərəfdaş hesab etmək olar.
1999-cu ildən etbarən Azərbaycanla AİB arasında iqtisadi əməkdaşlığın başlandığını vurğulayan iqtisadçının sözlərinə görə, Asiya İnkişaf Bankı Azərbaycanla bağlı nəqliyyat, enerji resursları kimi müxtəlif layihələrdə iştirak edib, Azərbaycana böyük dəstək verib.
Bu mənada həmin qurumla əməkdaşlıq bizim üçün də çox önəmlidir.
Azərbaycanın pandemiyaya qarşı apardığı effektiv mübarizənin bütün beynəlxalq hesabatlarda yer aldığını vurğulayan eksert deyib ki, Azərbaycan bu prosesdə dünyaya nümunə göstəriləcək ölkələrdən biridir:
"Biz heç bir qurumdan dəstək almadan mübarizə işlərini apardıq və bununla paralel olaraq, iqtisadiyyatın da inkişafına müəyyən töhfələr vermişik. 2020-ci il Dünya Bankının“Doing Business” Hesabatına görə biz ilk 20-likdə qərar tutmuşuq. Bu irəliləyiş isə ölkədə keçirilən inzibati idarəçilik, qanunvericiliyin təkmilləşdirilməsi və lisenziya və icazələrin alınması kimi sahələrdə əldə olunan ciddi uğurların göstəricisidir. Bütün beynəlxalq ölkələr hansısa ölkəyə investisiya qoyarkən bu reytinqləri izləyir və ona uyğun qərar verir".
A.İbrahimovun sözlərinə görə, bizdə neft və aqrar sahələr inkişaf etdiyi üçün Asiya İnkişaf Bankı bizimlə əməkdaşlıq etməyi özü üçün daha prioritet sayırlar:
"Yəni, dünyanın aparıcı və böyük şirkətlərinin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə əlverişli biznes və sərmayə mühitinin yaradılması, həmçinin aparılan genişmiqyaslı islahatların nəticəsidir. Azərbaycanın Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi olması səbəbindən beynəlxalq təşkilatlar əhəmiyyətli layihələrə Azərbaycanlı ekspertləri cəlb edirlər. Asiya İnkişaf Bankının prezidenti ölkə başçısı ilə videkonfrans formatında görüşü zamanı da etiraf etdi ki, ölkəmizə yeni investisiya yatırımları etməyi planlayırlar. Onların gələcək prioritetləri sırasında kənd təssərrüfatı və təhsil sahəsi də olacaq. Belə banklarla əməkdaşlıq həm də ona görə əhəmiyyətlidir ki, buradakı ekspertlərin də əməyindən istifadə olunacaq. Bizim özümüz həmin bankın Gürcüstan üzrə layihələrində ekspert kimi iştirak edirik. Çünki bank mütəxəssis kimi bizim ölkədən olan ekspertlərlə işləməyə daha böyük önəm verir".