Sözügedən qərar iqtisadi cəhətdən də Azərbaycana kifayət qədər xeyir gətirə biləcək bir addımdır
Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb. Bununla bağlı Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində qeyd edilib.
Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür. Layihə Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında qəbul olunub.
Ekspertlər Azərbaycanın qardaş ölkə ilə viza rejimini aradan qaldırmasının ölkəmiz üçün bir sıra üstünlüklər vəd etdiyini söyləyirlər.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Türkiyə ilə Azərbaycanın özəl dost və qardaş münasibətlərini, tarixi ənənələrini nəzərə alsaq, bu qərar çoxdan qəbul edilməli idi. Gec də olsa bu qanunun qəbulu siyasi cəhətdən Türkiyə ilə daha sıx birlik olmağımızın da işarəsidir.
İqtisadçının sözlərinə görə, sözügedən qərar iqtisadi cəhətdən də Azərbaycana kifayət qədər xeyir gətirə biləcək bir addımdır: "Türkiyə vətəndaşları vizaya müraciət, onun ödənişini etmək - ümumiyyətlə, bu prosesə görə çox vaxt Azərbaycana gəlməkdən imtina edirdilər. Gürcüstan çoxdandır ki, Türkiyə ilə vizasız rejimdədir.
İndi Türkiyədən Gürcüstana gələn Türkiyə vətəndaşları çox sərbəst şəkildə öz avtomobilləri ilə belə Azərbaycan tərəfə keçə biləcəklər. Türkiyədən gələn turist sayında da ciddi yüksəliş müşahidə olunacaq. Ən azı 30-40 faiz artım müşahidə edilə bilər. Bu da Azərbaycan turist obyektlərinin gəlirlərinin artmasına xidmət edəcək”.
Onun sözlərinə görə, vizanın ləğvindən sonra Azərbaycana investisiya qoymaq istəyən türkiyəli iş adamlarının da sayı artacaq: “Məsələnin iş adamları tərəfi də var. Çünki türk iş adamları da hər dəfə Azərbaycana gələndə viza ilə məşğul olmalı, hər dəfə vizanı yeniləməli idi. Azərbaycan uzun müddətli viza vermirdi.
Bu rejim tamamilə ləğv olunduqdan sonra türkiyəli iş adamlarının Azərbaycana tez-tez səfər etməsi, burada iş qurması daha da asanlaşacaq. Bu da kifayət qədər Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərə biləcək amilə çevriləcək”.