Appendisit əməliyyatı sadə və risksizdir

9 yaşlı uşağın əməliyyat masasında ölməsi ciddi araşdırılmalıdır


Bakıda əməliyyat olunan azyaşlı xəstəxanada ölüb. Hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq E.Abdullayev ölüb. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, əməliyyat masasında qeydə alınan hər bir ölüm halı xüsusi araşdırma tələb edir. Ölüm səbəbi isə məhkəmə-tibbi ekspertizasının rəyindən sonra bildirilməlidir: 

"Appendisit əməliyyatı zamanı müşahidə edilən risklərə gəldikdə isə professor deyib ki, bəzən situasiya o qədər kecikmiş olur ki, xəstə ağır peritonik vəziyyətdə  olanda klinikaya  müraciət edir. Həkimlər vaxt itirmədən onu əməliyyata alsalar belə artıq xəstənin durumu nəzarətdən çıxır və  elə narkoz altındaca dünyasını dəyişir. Vaxtında müdaxilə edildiyi halda appendisit əməliyyatının icrası kifayət qədər sadə və risksizdir. Bu cür əməliyyatlarda qanaxma riski çox azdır.

İlkin rəy verib, ölüm faktorunda həkim səhlənkarlığını önə çəkmək asandır. Lakin  obyektiv  araşdırmadan sonra yekun nəticə tamamilə fərqli də olar. Ona görə də tibbi ekspertizanın rəyini gözləmək lazımdır. Appendisit qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab edilir. Əməliyyat sadə olsa da  xəstəliyin özü  kifayət qədər narahatlıq doğurur.

Yoğun bağırsağın çıxıntısındakı kəskin iltihablanma appendisit adlanır və  bu zaman nəcis peritoniti qarın boşluğuna yayılıb ciddi ağırlaşmalara səbəb ola bilir. Tibbin inkişafına rəğmən  hələ də  kəskin  appendisit ağırlaşmaları aktual xəstəlik hesab olunur".

Professorun sözlərinə görə, xəstəyə həkim tərəfindən dəqiq appendisit diaqnozu qoyulduqdan sonra əməliyyat gecikdirilməməlidir. Əməliyyat gecikdirildiyi təqdirdə irinləmiş soxulcanabənzər çıxıntı partlayar və onun möhtəviyyatı qarın boşluğuna yayılar.