"Koronavirus xəstəliyi yoxdur" deyən və səhv informasiya yayanlar cahil insanlardır”
“Ona görə də ümumi və gigiyenik qaydalara əməl edilməlidir”
Koronavirus infeksiyasına yoluxma halları ölkədə pik həddə çatıb. Hər gün rekord sayda artım müşahidə edilir. Son məlumata görə, ümumi yoluxanların sayı 6260- dir. Bu artım ekspertlər və mütəxəssislər tərəfindən ciddi və təhlükəli nəticə kimi dəyərləndirilir. Onların fikrincə dövlət tərəfindən koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atılsa da, bəzi insanların məsuliyyətsizliyi, qərarlara riayət edilməməsi, tibbi vasitələrdən istifadə edilməməsi əldə edilən pozitiv nəticənin qorunmasına imkan vermədi.
Dünyada, o cümlədən də Azərbaycanda COVID-19 təhlükəsinin hələ də davam etdiyini vurğulayan tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın sözlərinə görə, mütləq qaydada tətbiq edilmiş ümumi və gigiyenik qaydalara əməl edilməlidir:
""Koronavirus xəstəliyi yoxdur" deyən və səhv informasiya yayanlar cahil insanlardır. Bu virusun ciddiliyi insanlar tərəfindən nəzərə alınmalıdır. Ehtiyac olmadıqca küçəyə çıxmamalıyıq. İnsanlar bilməlidirlər ki, qabaqlayıcı tədbirlərə əməl etdikləri halda özlərini və yaxınlarını virusdan qorumuş olacaqlar".
COVİD-19-un ağciyərlər üçün hansı səbəbdən təhlükəli olması ilə bağlı “Sherg.az”a danışan həkim deyib ki, Çinin Wuhan şəhərindəki Zhongnan Xəstəxanasının həkimləri də koronavirusu olan ağır xəstələrin ağciyərlərində dönməz dəyişikliklərin olduğunu bildirirlər. COVID-19-dan ölən doqquz xəstənin patoloji anatomik müayinələri zamanı aşkar etdilər ki, virusa məruz qalma səbəbindən ağciyər toxuması fibrozlaşmağa başlayır, bu da infeksiyadan sağalandan sonra da insana əzab verə bilər:
"Koronavirus infeksiyası müalicədən sonra da sağlamlığa təsir edəcək ciddi nəticələrlə təhdid edir. Belə ki, COVID-19 ağciyər həcminin azalmasına və beynin bütün hissələrinin ölümünə səbəb ola bilər. İnfeksiya müalicə olunmayan xroniki bir xəstəlik olan ağciyər fibrozunun səbəbidir. İnfeksiyaya yoluxanların çoxunda ağciyər həcmində azalma olur . Ağciyər funksiyasının pozulmasının, koronavirusun səbəb olduğu alveolyar lezyonlarla əlaqəli olduğu müəyyən edilmişdir. Alveolun divarlarında birləşdirici toxuma yayılması səbəbiylə sağalmış xəstələrdə belə ağciyər fibrozu inkişaf edə bilər. Bu vəziyyətdə insanda tənəffüsün tezləşməsi, nəfəs darlığı, quru öskürək, oksigenin xroniki çatışmazlığı olur".
Koronavirus insan orqanizminə təsirinə gəldikdə isə Y. Abdıyeva deyib ki, mütəxəssislər xəstəliyin əvvəlcə ağciyərlərə təsir etdiyini, sonra böyrəklərin zərər verə biləcəyini iddia edirlər. Bir insanın koronavirus inkişaf etdirdiyinə dair ilk əlamət nəfəs problemidir:
"Qrip kimi, koronaviruslar da tənəffüs yoluxucu infeksiyalardır və yoluxmuş bir xəstə, virusun ola biləcəyi burun və ya ağızdan mayeləri püskürtərək öskürür və ya asqırırsa yayıla bilər".