"Hazırda Ermənistan çox ağır vəziyyətdədir. Bir tərəfdən koronavirus pandemiyası, gündən-günə yüksələn yoluxma halların sayı, bir tərəfdən də ölkəni sürətlə siyasi dalana və yoxuşa sürükləyən səriştəsiz, diletant rəhbərliyin qərarları. Ölkə artıq uçuruma yaxınlaşıb".
Bu sözləri “Sherg.az”a siyasi şərhçi Anar İmanov deyib.
Onun sözlərinə görə, sosial narazılıqlar siyasi partlayış üçün çox ciddi zəmin hazırlayıb. Ermənistana rəhbərlik edən baş nazir Nikol Paşinyan gizlənmə taktikasını seçib:
"Özündə koronavirusu uydurub və evdə qalır. Amma rəhbərliyi əldən vermir, evdən ölkəni idarə etməyə çalışır. Elə sadəcə bu situasiya göstərir ki, Ermənistanın bütün siyasəti yalan və uydurmalar üstündə qurulur. Bir başqa ciddi məsələ də Ermənistanın hal-hazırda təbliğ etdiyi faşizmlə bağlıdır. Bu məsələyə iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında nitqində Prezident İlham Əliyev də toxundu: “Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır.
Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib.
O adam ki, müharibə zamanı demişdir: "Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür". O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir.
Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir”. Bəli, iyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Hamı həqiqəti bilir, sifarişçiləri, qatilləri tanıyır, amma bu məsələ Ermənistanın müasir tarixində qara ləkə kimi qalır və ölkənin səriştəsiz, diletant rəhbərləri tərəfindən gizlədilir, ört-basdır edilir.
Ermənistandakı çiçəklənən faşizmə gəldikdə isə, siyasi şərhçi deyib ki bu, artıq, bütün dünya üçün sirr deyil. Ermənistanın törətdiyi soyqırımlar, dinc əhalinin xüsusi qəddarlıqla öldürülməsi, atəşkəs müddətində mülki şəxslərimizi girov götürülməsi və öldürülməsi faşizmin əyani təzahürüdür:
"Prezident İlham Əliyev bu məsələyə belə münasibət bildirdi: “Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik. Onlar nə etdilər?
Bizim kəndlərimizi bombaladılar, bax, burada Tərtərdə. Mən Aprel döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri görmüşdüm, evlərə getmişdim. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə qarşı müharibə aparıla bilməz. Onların bizim ordumuza gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər. Hesab edirdilər ki, bu, tərtərlilərə, ağdamlılara təsir edəcək.
Bir nəfər də tərpənmədi yerindən, bir nəfər də! Onlar bir daha gördülər ki, Azərbaycan xalqı böyük xalqdır. Mən Aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm. Gördüm ki, onlar öz torpağından heç bir yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpağında möhkəm dayanıblar.
Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur”. Ermənistandakı son hadisələr göstərir ki, ölkə doğurdan da yoxuşa gedir.
21-ci əsrdə faşizmə yer yoxdur. Qonşu dövlətin ərazilərini işğal etmək, işğal altında saxlamaq olmaz. Və Ermənistanın rəhbərliyi bu aksiomları nə qədər tez başa düşsə, nə qədər tez anlasa, dərk etsə, bir o qədər də yaxşıdır. Yalnız bu halda Ermənistanın xilası mümkündür. Əks halda işğalçı ölkə tarixdə anlaşılmayan bir ləkə kimi qalacaq".