Gözəl nümunə...

Bizim uşaqlar küçədə siqaret kötükləri, içki şüşələri yox, kitab görə-görə böyüməlidir

Yazarlar gənc fəalı alqışladılar

"Kitabı təbliğ edən insanların qarşısında baş əyirəm"



Öz maraqlı layihələri ilə hər zaman gündəmdə olan gənc fəal Ağa Mehdiyev yaşadığı Biləcəri qəsəbəsində özünün hazırladığı kitab rəfi quraşdırıb. "Məhəllə kitabxanası" layihəsinə start verən  gənc fəalın  əsas hədəfi  tədricən qonşuluqda olan məhəllələrdə də insanların öz kitabxanalarını formalaşdırılmasını stimullaşdırmaqdır. Bu təşəbbüsü ilə uşaqlara seçim imkanı yaradan gənc fəalın sözlərinə görə,  uşaqlar çoxdan yerlərdə siqaret kötüyü, boş içki şüşələri görməyə vərdiş edib. Ağa isə onların kitab görə-görə, mütaliə edə-edə böyümələrini istəyir. 

Maraqlısı odur ki, bu təşəbbüs də məhz balacaların diqqətini cəlb edib. Kitabxana ilə maraqlanan uşaqların diqqətini rəfin maraqlı dizaynı cəlb etsə də, “məzmunu” da onları məyus etməyib. Hər kəs istədiyi kitabı adi kitabxanalarda olduğu kimi 10 günlük götürə bilər – daha sonra qaytarmaq şərtilə. Hazırda kitabların çoxu Ağanın özünə aiddir, amma onu dəstəkləyən nəşriyyatlar da az olmayıb. Gənc fəal yalnız doğma Azərbaycan dilində deyil, ingilis, rus dilində kitablar da təklif etməyə çalışır.



Bu ideyanın dünyada və Azərbaycanda ilk olmadığını vurğulayan A.Mehdiyev deyib ki, daha öncələr bu cür rəflər yalnız şəhər mərkəzlərində və parklarda quraşdırılıb: "Mən məhəllədə,  qonşuluqda  olan məktəblilərin, gənclərin  mütaliəsinin formalaşmasında, oxu qabiliyyətinin inkişafında bir vasitəçi olmaq üçün bu layihəni yaşadığım ərazidə  gerçəkləşdirmək istədim. Əslində uzun müddətdir bu barədə düşünsəm də, indi reallaşdırmaq imkanım oldu. Əlimdə olan resurslar məhəllə camaatını təmin etmək üçün yetərlidir. Amma bütünlükdə qəsəbə sakinlərinin istifadəsi baxımından say çox məhduddur. Oxumasa belə hansısa bir uşağın küçəyə çıxanda kitab rəfi görməsi onun şüuraltında kitaba maraq oyadır". 

Şair Aqşin Yeniseyin sözlərinə görə, uşaqların, gənclərin diqqətini kitaba, kitabxanalara yönəltmək, onlarda mütaliəyə maraq oyatmaq üçün bu cür layihələrin sayını artırmaq lazımdır:

"Türkiyədə tez-tez əyalətlərdən belə xəbərlər görmək olur. Məsələn, bu yaxınlarda Türkiyənin hansısa əyalət şəhərində bir neçə rəssam bələdiyyənin köməkliyi ilə bütün şəhərin binalarının divarlarına rəsm çəkib şəhəri böyük bir sərgiyə çevirmişdilər. Bizdə də belə aksiyaları alqışlamaq və təbliğ etmək lazımdır".

Gənc yazar Ayxan Ayvaz isə hesab edir ki, bizdə kitab adına ən xırda təşəbbüs belə adamın sevincdən gözlərinin yaşarmasına səbəb olur:

"Kitabı necə, hansı yolla olur-olsun, təmənnasız, heç bir yerə bağlı olmadan, müstəqil şəkildə, sırf içindəki kitab sevgisindən təbliğ edən insanların qarşısında baş əyirəm. Biz o insanların sayəsində yazırıq. Çox təşəkkür edirəm həmin adamlara. Nə qədər kitaba əngəllər olsa da, onu sevdirməyə çalışan fədakarlar var və olacaq".

Yazar Sevinc Elsevər də hesab edir ki, nəticəsindən asılı olmayaraq ədəbiyyat və mütaliə yönündə irəli sürülən bütün təşəbbüs diqqətəlayiqdir:

"Nə gözəl! Gənclərin kitaba, ədəbiyyata, ələlxüsus uşaq ədəbiyyatına belə qayğısı varsa, nə mutlu bizə! Fərqi yoxdur bu aksiyaları harda təşkil edirlər. Ucqar bir kənddə, ya şəhərkənarı qəsəbədə. Əksinə, şəhərkənarı qəsəbələrdə belə aksiyaların keçirilməsi daha yaxşıdır. Çünki onsuz da şəhərin mərkəzində yaşayan adamlar üçün kitablar da, kitabxanalar da daha əlçatandır. Ancaq ucqar qəsəbələrdəki insanlar daha çox məişət qayğıları ilə yaşayırlar. Şəhərkənarı qəsəbələrdə daha çox əhalinin kasıb zümrəsi yaşayır. Valideynlər kitab almaq həvəsində olmurlar. Ancaq uşaqlar bu aksiyalara şahid ola və oxumadıqları kitablarla tanış ola bilərlər. Kitab onlarda maraq, sevgi, müsbət təəssürat yarada bilər. Bu mənada Ağa Mehdiyev adlı gəncimizin təşəbbüsünü ancaq alqışlamaq olar".