“Əhali “ASAN”laşmış xidmətlərdən tam razıdır”


"ASAN Xidmət”in timsalında  ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib.  Bu xidmətin əsas xüsusiyyətlərindən biri insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qorumasıdır. Harada güclü iradə, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq. “ASAN xidmət”, sadəcə bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. “ASAN Xidmət” ölkəmizin müasir inkişafı ilə tam uzlaşan bir təşəbbüsdür.  Ağcabədidə “ASAN Həyat” kompleksi açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi "ASAN xidmət” ölkəmizin intellektual məhsuludur. 

"ASAN xidmət”i Azərbaycanda korrupsiyanın aradan qaldırılması istiqamətində ən düzgün və ən uğurlu fəaliyyət göstərən layihə kimi dəyərləndirən millət vəkili  Azər Badamov  ölkəmizdə  “ASAN xidmət” şəbəkəsinin  gündən-günə genişlənməsindən danışıb: 

"Artıq Cənab Prezident Ağcabədidə 19-cu “ASAN Həyat” kompleksinin açılışını həyata keçirdi. “ASAN xidmət” yeni yarananda 100 xidmət təqdim olunurdu. İndi isə bu məkanda təqdim olunan xidmətlərin sayı 320-yə çatıb. Hər yeni xidmətdə isə eksklüziv layihələrin təqdimatı olur. İyun ayının 3-də açılan “ASAN Həyat” kompleksində yeni smart aptek layihələrinin təqdimatı oldu. Bunu müasir dövrün tələblərinə cavab verən ən effektiv layihələrdən biri hesab etmək olar. “ASAN xidmət”ə bu günə qədər 38 milyondan çox vətəndaş müraciət edib. Bu o deməkdir ki, bir vətəndaş təxminən 4 dəfə müraciət edib və məmnun qalıb. Bu gün “ASAN xidmət”dən məmnunluq əmsalı 99,4 faizdir. Bu, təxminən 100% deməkdir. Burada təqdim olunan ictimai xidmətlərdən demək olar ki, əhali tam razıdır”.

 “ASAN xidmət”in çox sayda ölkənin maraq dairəsində olduğunu vurğulayan millət vəkili artıq bir neçə ölkədə bu xidmətin tətbiq edildiyini qeyd edib: 

 “ASAN xidmət”in olduğu hər yerdə xidmətlər həqiqətən də asanlaşır. Digər üstün cəhəti ondan ibarətdir ki, bu xidmət sahəsində işləyənlərin hamısı gənclərdir. “ASAN xidmət”də könüllülərin fəaliyyəti geniş təqdir olunur. Azərbaycanda könüllülük hərəkatı məhz “ASAN xidmət”lə başlayıb. Ölkəmizdə həyata keçirilən çox sayda beynəlxalq oyunların və tədbirlərin təşkilində könüllülərin rolu danılmazdır. Bu gün bu xidmətdə fəaliyyət göstərən, təcrübə qazanan könüllülər dövlətin idarəetmə orqanlarında, dövlət qulluğunda təcrübəli mütəxəssislər kimi formalaşırlar və rəhbər vəzifələrə təyin olunmada daha effektiv nəticələrə töhfə verirlər".