“Azərbaycan polisi fədakarlıq nümunəsi göstərdi” - Deputat

Ölkəmizdə pandemiya şəraitində istər əhalinin sağlamlığının qorunması, istərsə də sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər həm vətəndaşlar tərəfindən, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Lakin koronavirusla mübarizə   milli təhlükəsizlik məsələsi kimi ciddi fərdi məsuliyyət və ictimai həmrəylik tələb edir.  


İnsanların həyatını, sağlamlığını təhdid edən pandemiya təhlükəsinin  aktual olduğu  belə bir şəraitdə dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, hər bir şəxsin vətəndaş məsuliyyəti ilə hərəkət etməsi, yəni ictimai dəstək mexanizminin formalaşdırılması strateji əhəmiyyətə malikdir. 
Bu, milli təhlükəsizlik məsələsi olduğuna görə, ilk növbədə, milli həmrəylik, ictimai məsuliyyət tələb edir. Yəni hər bir fərd müəyyən olunmuş konkret qaydaların - atılan addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçün olduğunu bilməli, anlayışlı yanaşma nümayiş etdirməlidir. Bir sözlə, cəmiyyətin ortaq maraqları üçün bütün qaydalara ciddi əməl edilməlidir. Pandemiya ilə mübarizədə ön cəbhədə yer alan Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirir,  böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə vermiş olurlar. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. 

 “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu da elə "Sherg.az"a açıqlamasında pandemiya şəraitində Azərbaycan polisinin böyük fədakarlıq nümunəsi göstərdiyini  deyib. Onun sözlərinə görə, polislərimiz  vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atırlar: 

"Sosial şəbəkələrdə izlədiyimiz görüntülərdə əks olunduğu kimi, Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini vermiş olurlar. Bütün bunlar isə vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır. Sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı “qara piar” kampaniyası təşkil etmək milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməzdir Karantin rejimi çərçivəsində həftə sonu tətbiq olunan qapanma şəraitində – evdən çıxma qadağasının qüvvədə olduğu iki gün ərzində də polis fədakar fəaliyyət göstərib, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra edib.

Lakin təəssüflər olsun ki, bəzi hallarda sosial şəbəkələrdə polisin fəaliyyətinə kölgə salmaq məqsədilə əsassız iddiaların irəli sürülməsinin şahidi olduq. Xüsusilə də, radikal müxalifət düşərgəsinin sabotajla məşğul olaraq karantin rejimi çərçivəsində görülmüş işlərlə bağlı manipulyativ informasiyalar yaymaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaq cəhdləri müşahidə edilir.

Onlar sosial izolyasıya qaydalarının tətbiqini internet resurslarından və sosial şəbəkələrdən istifadə etməklə ictimai rəyə fərqlə formada təqdim etməyə çalışırlar. Hətta insanların sağlamlığının qorunması naminə atılan addımları “azadlıqların məhdudlaşdırılması” kimi göstərmək cəhdləri var. Bu, tamamilə manipulyativ yanaşmadır, çünki sosial özünütəcrid vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə atılan addımdır". 

Millət vəkilinin sözlərinə görə,  hazırkı pandemiya dövründə ictimai maraqlarımızın tələb etdiyi karantin rejiminin tələblərinin bu cür manipulyasiya edilməsi ümumi mənafelərimizə qarşı atılmış təhlükəli addım kimi qiymətləndirilməlidir:

"Ona görə də bu cür hərəkətlər ictimai rəy tərəfindən ciddi şəkildə qınaq obyektinə çevrilməlidir. Bütövlükdə, sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı “qara piar” kampaniyası təşkil etmək, onun fədakar və uğurlu fəaliyyətinin üzərinə kölgə salmaq milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməz və qəbulolunmazdır! Dezinformasiya yaymaq ictimai və hüquqi məzmuna malik olan məsələ kimi informasiya təhlükəsizliyinə təhdid yaradır Hər şeydən əvvəl unutmaq olmaz ki, tətbiq olunan qaydalar təkcə dövlət orqanları deyil, ümumilikdə bütün cəmiyyət, fərdi qaydada hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir.

Ən əsası isə, kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri məsuliyyətli, həssas və diqqətli olmalı, ajiotaja, sosial təşvişə xidmət edən, eləcə də müvafiq hüquqi məsuliyyət doğuran yalan, dezinformasiya xarakterli məlumatların yayılmasına rəvac verən davranışlara yol verilməməlidir. Çünk bu məsələlər ictimai və hüquqi məzmuna malik olmaqla həm də cəmiyyətimiz və dövlət üçün informasiya təhlükəsizliyi məsələsidir.

Nəticə etibarilə, milli maraqlar ətrafında birləşmiş hər bir şəxs bu cür hallara qarşı mübarizə aparmalıdır. Müvafiq dövlət strukturlarının hüquq müstəvisində həyata keçirdiyi tədbirlərlə yanaşı, fərd olaraq xalqın təhlükəsizliyi, əhalinin sağlamlığı naminə həyata keçirilən tədbirlərin əhəmiyyətini azaltmaq, yaxud görülən işlərin üzərinə kölgə salmaq məqsədilə sosial şəbəkələrdə aparılan çirkin təbliğatın qarşısını həm də ictimai qınaq vasitəsilə almalıyıq.

“Beşinci kolon”un və radikal müxalifətin koronavirussayağı davranışı Əslində, ölkəmizdə siyasi-ideoloji müstəvidə və informasiya məkanında da təxminən koronavirusa bənzər davranış nümayiş etdirən qruplaşmalar var. Onlar ictimai rəyi maniupuliyasiyaya məruz qoymaq məqsədilə daha çox insani radikal düşüncələrə yoluxdurmaq, Azərbaycanın milli maraqlarına qarşı yönləndirmək üçün siyasi platformada elə koronavirus infeksiyası kimi hərəkət edirlər".

Karantin rejiminin tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsinin bizim üçün bir  zərurət olduğunu vurğulayan H. Babaoğlu hesab edir ki, özünün, cəmiyyətin və bütövlükdə xalqının sağlamlığını düşünən, məsuliyyət hissi daşıyan hər bir şəxs bu qaydalara əməl etməyə borcludur: " Dünyanın heç bir yerində nə sosial şəbəkələrdə, nə müxalifətin gündəliyində koronavirusla mübarizə çərçivəsində görülən inzibati xarakterli tədbirlər qınanılmır. Çünki normal müxalifət bu cür tədbirlərdən siyasi qazanc əldə etməyə cəhd göstərmir ,onu siyasi əxlaq və məsuliyyət baxımından qəbuledilməz sayır . Çox təəssüf ki, Azərbaycanda “beşinci kolon” nümayəndələri, radikal qruplaşmalar bu cür hərəkətlərlə yol verirlər . Bir daha görünür ki, həmin marginal qruplar siyasətdə nə qədər qeyri-əxlaqi metodlardan istifadə edirlər. Əlbəttə ki, bu, Azərbaycan cəmiyyəti tərəfindən ikrah hissi ilə və ciddi qınaqla qarşılanır. Nəticə etibarilə, şübhəsiz ki , “beşinci kolon”un bu cür cəhdləri heç bir nəticə verməyəcək, onlar sadəcə növbəti dəfə özlərini ifşa etmiş olacaqlar. Azərbaycan xalqı koronavirusla mübarizədə uğurlar əldə etdiyi kimi, radikal qruplaşmaların dağıdıcı fəaliyyətinə qarşı da həmişə olduğu kimi, uğur qazanacaqdır".