Karantin dövründə kütləvi itaətsizliyin təşkil edilməsi üçün xüsusi bir kampaniya aparıldığı göz qabağındadır. Kampaniya təşkilatçıları bir tərəfdən COVİD-19-un uydurma bir oyun olması barədə çaşdırıcı fikirlər səsləndirir, insanların fikirlərini qarışdırırlar. Digər tərəfdən isə hökuməti, asayiş keşikçilərini hədəfə gətirirlər.
Polisə qarşı neqativ rəy yaratmaq cəhdinin də bu kontekstdə olduğunu deyən Mətbuat Şurasanın sədr müavini Müşfiq Ələsgərli hesab edir ki, vətəndaşlarımız məsuliyyətli olmalı, yayılan təxribat xarakterli informasiyaya inanmamaldırlar:
"Sosial şəbəkələrdə “polislə vətəndaşların qarşıdurması” kimi təqdim edilən video görüntülərdə diqqət çəkən bir məqam var: görüntüləri paylaşanların əksəriyyəti qeyd edirlər ki, “polislərin saxladıqları şəxsin kimliyi bəlli deyil”, “hansı səbəbdən saxlanıldığı bilinmir” və sair. Amma dərhal da əlavə edirlər ki, “adamlar düz edib polisin başına zibil atırlar”…Əgər saxlanılan şəxsin kimliyi, hansı əməli törətməsi və sair bəlli deyilsə, onda hansı əsasla polis haqsız sayılır? Polisi “haqsız” kimi təqdim edənlər kimlərdirlər, nəyi hədəfləyiblər? Pandemiya dövründə, xüsusilə də son iki gündə polisin fədakar fəaliyyət göstərməsi, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra etməsilə bağlı yüzlərlə fakt gündəmə gəlib. Tibbi müdaxiləyə ehtiyacı olan vətəndaşlara polis nəfərinin yardım etməsindən tutmuş, Azərbaycanın dövlət rəmzlərinə sayqılı münasibətinə qədər çeşidli video görüntülər yayılıb. Bəs əksini sübut etməyə çalışanlar kimlərdirlər? Əks düşərgəni təşkilatlandıran, “operativ” materiallarla təmin edənlər, saatlarla pusqu çəkib ən xırda detalları videolentə alanlar kimlərdirlər? Ciddi araşdırmaya ehtiyac var".