Virus bölgələrdə artır

Yerli icra orqanları məsuliyyətsiz davranır

"Patrul xidməti əməkdaşlarının əhali arasında sərbəst yoxlanış aparması, marketlərdə, iaşə obyektlərində reydlər keçirməsi daha məqsədəuyğundur"


Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibdə keçirilən video-müşavirəsində bir çox zəruri məsələlərə toxunuldu, xüsusən də sərt karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyət analiz edildi. Bildirildi ki, həmin bölgələrdəki mövcud sanitar-epidemioloji vəziyyət nəzarətin gücləndirilməsini tələb edir. Həmçinin qeyd edildi ki, karantin şərtləri yumşaldılan şəhər və bölgələrdə qayda pozuntularının artması müşahidə edilir. Bunu nəzərə alan şəhər və rayon rəhbərləri tapşırıqları qüsursuz yerinə yetirməlidir. Həmçinin ictimai nəzarətin, vətəndaş məsuliyyətinin artırılması da vacibdir. 
Dövlət pandemiya ilə mübarizə apardığı bir vaxtda sosial məsuliyyət hər bir vətəndaşın borcudur. Amma təəssüf ki, hansısa bölgələrdə, paytaxtda da karantin qaydalarının pozulması hallarına rast gəlinir. Şəmkirdə bir ailə məsuliyyət hissini itirərək, pandemiyanı heçə sayaraq kiçik toy məclisi təçşkil edir, qohum-əqrəba da gedib iştirak edir. Paytaxtda da gizli şəkildə evində ad günü, “adqoydu”, yubiley keçirən və bu dəvətlərə gedənlər də var. Həqiqətən, bu tip insanların hansı düşüncə tərzinə malik olduğunu müəyyənləşdirməkdə adam çətinlik çəkir. Həmin ad günlərinə, şadyanalıqlara gedənlərdən heç olmasa biri ev sahibinə irad bildirsə və məclisə ayaq basmamış oranı tərk etsə, bəlkə qarşısındakı da ayılar və səhv etdiyini anlayar. Amma, yox, heç kim münasibətləri “korlamaq” istəmir. Belədə əlbəttə qalib gələn koronavirus olacaq. 



İctimai xadim Azər Allahverənov “Şərq”ə açıqlamasında qeyd etdi ki, bölgələrdə baş verən qayda pozuntularına görə məsulyyət birbaşa yerli icra orqanlarının üzərinə düşür:

- Sərt karantin qaydaları tətbiq edilməyən bölgələrdə yoluxma statistikasındakı artım ondan xəbər verir ki, orada nəzarət zəifdir. Yoluxmanın harada, hansı sahələrdə daha çox baş verdiyi, nəzarətdən kənar qalan sahələr öyrənilməlidir, buna müvafiq də tədbirlər görülməlidir. Məlum olan budur ki, ayrı-ayrı bölgələrdə kütləvi mərasimlər hələ də keçirilir.

Kimisi şadyanalıq keçirir, kimisi də yas mərasimi. Bir neçə gün öncə Qəbələdə otel açılışı edildi. Hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər məsuliyyətə cəlb edildi, amma təəssüf doğuran belə bir faktın baş verməsidir. Niyə? Məgər o insanlar cənab Prezidentin çıxışlarını izləmir, dövlətimizin pandemiyaya qarşı apardığı mübarizəni görmür?! Belə vaxtda otel açılışı etmək üçün nə qədər məsuliyyətsiz və nadan olmalısan?!.

Eləcə də ad günü, kiçik toy keçirənlər, yas mərasimi təşkil edənlər. Bunlar birmənalı şəkildə vətəndaş məsuliyyətini itirmiş insanlardır.  Bəs yerli icra orqanları hara baxır? Kənddə, rayon mərkəzində baş verən hadisələrdən hamı xəbərdar olur. Polis var, sahə müvəkkilləri, icra nümayəndələri var. Onlar bu cür hallara göz yummalıdır. Niyə bu rəsmi strukturların əməkdaşları bu cür kütləvi tədbirlərin qarşısını almır? Deməli, məsuliyyətsizdirlər, vəzifələrinin öhdəsindən gələ bilmirlər. Eyni zamanda vətəndaşlarımız da məsuliyyətsizdi, ictimai qınaq göstərə bilmirlər. Qohumla, qonşuyla münasibətləri korlamaq istəmirlər. Amma düşünmürlər ki, virus qohuma-qonşuya baxmır. Bir nəfər 100 və daha artıq insanın yoluxmasına səbəb ola bilər. Bu məsələdə yerli icra orqanları vəzifələrinə ciddi yanaşmalı və insanların qrup şəklində toplaşmasının qarşısını almalıdırlar. 

A.Allahverənov yollarda polis yoxlanış postlarının yığışdırılmasının əhalini arxayın salacağını zənn etmədiyini də dedi:

- Belə fikir var ki, postların yığışdırılması bəzi insanları arxayın salacaq və icazəsiz gediş-gəlişlərin sayı artacaq. Mən belə düşünmürəm. Çünki bir nəzarət mexanizminin ləğvi, alternativ nəzarət mexanizminin işə düşməsi deməkdir. Polis postlarını da, qeyd edildiyi kimi müşahidə kameraları əvəzləyir artıq. Patrul xidməti əməkdaşlarının əhali arasında sərbəst yoxlanış aparması, marketlərdə, iaşə obyektlərində reydlər keçirməsi daha məqsədəuyğundur. Ən əsas nəzarət isə vətəndaş məsuliyyəti və ictimai nəzarətdir. Hər birimiz ilk növbədə özümüzdən başlayaraq qaydalara əməl etsək və qayda pozanlara qarşı ictimai nəzarəti yerinə yetirsək, virusa qalib gələcəyik.