Məlahət İbrahimqızı: "Bir həkim kimi deyrəm, Paşinyanın beyni iflic vəziyyətindədir"

“Bəlkə də bu şəxs orta məktəbdə coğrafiya və tarix dərslərindən kəsilib və ya bu məsələlərə lazımi diqqət yetirməyib”

Prezident İlham Əliyevin Paşinyanı "Qərbi Azərbaycan" icması ilə görüşə səsləməsindən sonra Paşinyan öz Facebook hesabında Ermənistan ərazisində "Qərbi Azərbaycan" olmadığını bildirib:
"Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bundan xaric Qərbi Azərbaycan yoxdur və ola da bilməz".

Mövzu ilə bağlı "Sherg.az"a danışan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibə, yalnız cəmiyyətimizdə deyil, həm də bütün Türk dünyasında böyük bir ruh yüksəkliyi yaradıb:

"Bu müsahibə, xüsusilə Qərbi Azərbaycan məsələsini gündəmə gətirməklə, həm bizim xalqımız, həm də beynəlxalq ictimaiyyət üçün çox vacib bir mövzuya çevrilib. Prezidentin verdiyi mesajlar bu məsələnin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aydın və qətiyyətli bir mövqe nümayiş etdirdi. Bu, yalnız Qərbi Azərbaycan məsələsinin hüquqi və siyasi müstəvidə dünya səviyyəsində diqqətə çatdırılmasına xidmət etmədi, həm də  məsələnin daha geniş bir kontekstdə müzakirə edilməsinə təkan verdi. Paşinyanın bu mövzuda özünü bilməməzliyə vurması, ən azı, başa düşüləndir. Bir həkim olaraq deyə bilərəm ki, Paşinyanın beynindəki orientasiya etməni tənzimləyən mərkəz iflic vəziyyətindədir. Bəlkə də bu şəxs orta məktəbdə coğrafiya və tarix dərslərindən kəsilib və ya bu məsələlərə lazımi diqqət yetirməyib. Lakin Paşinyan, ən azı, Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanın sosial mediada paylaşdığı videoya diqqətlə qulaq assa yaxşı olardı. Həmin dövrün siyasi proseslərini başa düşmək və düzgün qiymətləndirmək üçün bu videodakı etiraflar çox vacib və informativdir. Lakin ən doğru məsləhət odur ki, Paşinyan möhtərəm Prezidentimizin son müsahibəsində ona ünvanlanan açıq və aydın mesajları diqqətlə oxusun".