Metro açılsa vəziyyət yaxşılaşar

Bəxtiyar Məmmədov: "Vəziyyətdən biz də xəbərdarıq, mən də əziyyət çəkənlərdən biriyəm"


Metronun bağlanması narazılıq yaradıb. Əsassız da sayılmaz. Bir halda ki, metronun bağlanmasında koronavirusa yoluxma riskinin azaldılmasına istinad edilir (əslində Operativ Qərargah metropolitenin fəaliyyətinin niyə, hansı səbəbdən dayandırıldığını bildirməyib –red.), o zaman sual olunur ki, avtobuslarda yaranan basabas, hədsiz sərnişin sıxlığı yoluxma riskini artırmır? Avtobuslarda, xüsusilə də metro əvəzi (bu, lap “filan” vəzifəni müvəqqəti icra edən” təqdimatına bənzədi – red.) ekspres avtobuslarda yaşananlar təhlil edilsin və müəyyənləşsin ki, hansı vəziyyətdə yoluxma daha artıq ola bilər – sərnişin seyrəkliyi müşahidə edilən, qoruyucu maskaların taxılması qərarına riayət edilən və məhz sərnişin seyrəkliyi səbəbindən sosial məsafə də mümkün qədər qorunan metro vaqonlarında, yoxsa sərnişinlərin az qala bir-birinin belinə mindiyi avtobuslarda. Görəsən, Operativ Qərargahın vəziyyəti təhlil edib qərarını dəyişdirməsi mümkündürmü? 

“Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Şərq”ə açıqlamasında metropolitenin yenidən fəaliyyətə başlamasının yalnız Operativ Qərargahın qərarından asılı olduğunu dedi: 

- Vəziyyətdən biz də xəbərdarıq, mən də əziyyət çəkənlərdən biriyəm. Amma metronun bağlanması mənim üçün həm də mənəvi zərbədir. Lakin bu, Operativ Qərargahın qərarıdır və biz də bu qərara tabe olmalıyıq.

“Bakı Metropoliteni” QSC-də metronun fəaliyyəti ilə bağlı daim təhlillər aparılır. Sərnişin sıxlığı, sərnişinlərin qaydalara nə dərəcədə riayət etməsi, metro vaqonlarının intervalı və s. Metro fəaliyyətini bərpa edəndə gücləndirilmiş iş rejiminə keçdik, bütün imkanlardan maksimum istifadə etdik, pandemiya dövrünün tələblərinə uyğun işlədik və yenə də vəzifəmizi icra edirik.

Çalışırıq metro infrastrukturunu elə saxlayaq ki, fəaliyyətin bərpası qərarı verildiyi anda sərnişinləri qəbul etməyə hazır olaq. Amma epidemioloji vəziyyəti dəyərləndirmək bizim işimiz deyil. Epidemioloji vəziyyətin qiymətləndirilməsi peşəkar yanaşma tələb edir və bu, Operativ Qəragahın görəcəyi işdir. Biz Operativ Qərargahın metodiki tapşırıqlarına əməl edirik.

Metronun nə zaman açılacağı da onların qərarından asılıdır. Mən də hamı kimi, metronun tez açılmasını, sərnişinlərin rahat hərəkət etməsini çox arzulayıram, lakin bu məsələdə qərar verəcək orqan Operativ Qərargahdır.