İkinci dalğa başlayır

"Avropa ölkələri ilə yanaşı, ABŞ, Rusiya, Hindistan kimi ölkələrdə də koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir"


COVİD 19 pandemiyası bir sıra  dünya ölkələrində yenidən alovlanıb. Xüsusən də Avropa ölkələrində 2-ci dalğa ilə bağlı xəbərdarlıqlar edilir. Bəzi ölkələrdə hələ də aktiv olan pandemiyaya  qarşı mübarizə tədbirləri davam etsə də, virusun yayılmasına nəzarət edən  ölkələr  isə yeni dalğadan ehtiyatlanır. 
Həkim-infeksionist  Vüqar Cavadzadə isə hesab edir ki, koronavirusla bağlı vaxtında lazımi profilaktik tədbirlərin görülməməsi dünya ölkələrində  vəziyyətin nəzarətdən çıxmasına səbəb olub. Bundan əlavə əhalinin nümayişlərə çıxması, kütləvi toplaşmalar da pandemiyaya yoluxma sayının artması ilə nəticələnib:

"Estoniya, İspaniya, Almaniya, Fransa,  COVID-19-la xəstələnmənin ikinci dalğasının başlandığını demək olar. Bu ölkələrdə yoluxma sayının artmasının əsas səbəbi əhalinin yay fəsli ilə əlaqədar  koronavirus aşkar edilməyən bölgələrə səfər etməsi, qapalı ticarət və iaşə obyektlərinin, restoranların fəaliyyətə başlaması, yeraltı, yerüstü  dəniz və hava nəqliyyatının fasiləsiz fəaliyyət göstərməsidir . 

V.Cavadzadənin sözlərinə görə, Avropa ölkələri ilə yanaşı, ABŞ, Rusiya, Hindistan kimi ölkələrdə də koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir.

Bu günə qədər ölkəmizdə koronavirusa qarşı aparılan mübarizənin kifayət qədər səmərəli və uğurlu olduğunu vurğulayan həkim- infeksionist  deyib ki, virusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən kompleks tədbirlər hələ də davam edir:

"Ölkə başçısının nəzarəti ilə  aparılan  uğurlu səhiyyə siyasəti nəticəsində son günlər yoluxma sayında ciddi azalmalar müşahidə edirik. Hesab edirəm ki, bu müsbət dinamikanın əldə olunmasında son iki ayda tətbiq edilən sərt karantin rejiminin  xüsusi  rolu  var. Bu baxımdan  yoluxma sayının azalması əhalini arxayın salmamalı və vətəndaşlar profilaktik karantin tədbirlərinə əməl etməlidir.

Sosial məsafəni qorumaq, maskadan istifadə etmək və daim əllərimizi təmiz saxlamaq mühüm şərtdir. Eyni zamanda əhalinin kütləvi toplaşdığı yerlərdən də maksimum dərəcədə uzaq olmalıyıq".