Dövlət yükünü azaltmaq üçün nəhəng şirkətlər özəlləşdirilməsini tezləşdirməlidir
Avqustun 6-da keçirilən müşavirədə Prezident İlham Əliyev əsas diqqəti ölkə üzrə ən prioritet problemlərdən biri olan sosial-iqtisadi duruma və pandemiyanın bu sahədə yaratmış olduğu ciddi çətinliklərdən daha optimal çıxış yollarının müəyyənləşdirilməsinə yönəldib. Ölkə rəhbəri həmçinin yaranan mürəkkəb iqtisadi durumdan mümkün qədər az itkilərlə çıxmaq üçün öz təşəbbüslərini verib.
Prezident həmçinin israfçılığın qarşısının alınması, səmərəsiz layihələrin yolverilməzliyi, dövlət büdcəsi formalaşarkən irəli sürülən təkliflərin hərtərəfli öyrənilməsi və bu işə ciddi nəzarətin tətbiqinin də zəruri məsələlərdən olduğunu qeyd edib. Eyni zamanda dövlət şirkətləri tərəfindən ödənilən vergilərin, digər ödəmələrin qeyri-qənaətbəxşliyinin və ölkənin iqtisadi-maliyyə durumuna mənfi təsirinin yolverilməzliyi haqqında danışıb.
Politoloq Xəyal Bəşirov isə "Şərq"ə açıqlamasında deyib ki, dünya praktikasına əsasən bu cür təşəbbüslər dövlət əhəmiyyətli qurumların rəhbərlərindən gəlməli idi. Bizdə isə əksər vaxtlarda olduğu kimi yenə də, ölkə başçısından gəldi:
"Hazırda ölkədə kadr və struktur islahatların nəticəsi olaraq bu sahələrə aid qurumlarda idarəetmə dizaynının yeni formalaşdığını və dövlət əhəmiyyətli ən mühüm təşəbbüslərin Prezident tərəfindən irəli sürülməsi ilə bağlı ənənənin artıq formalaşdığını nəzərə alsaq, bunu normal qəbul edə bilərik. Burda ən çox əhəmiyyət kəsb edən məqam isə təşəbbüsün mahiyyətindən irəli gəlir. Ölkədə dövlət büdcəsinə çox böyük həcmdə maliyyə vəsaitləri hesabına başa gələn, mövcud fəaliyyətləri ilə demək olar ki, səmərəsizlik səviyyəsinə çatan nəhəng dövlət şirkətlərinin də daxil olduğu müəssisələrin özəlləşdirilməsi əslində çox mürəkkəb bir prosesdir.
Bu fikrin səsləndirilməsindən bir gün keçməsinə baxmayaraq bununla bağlı cəmiyyətdə və xüsusilə virtual tribuna olan sosial mediada müxtəlif fikirlər səsləndirilməkdə və müəyyən mənada ciddi sual doğuran maraqlı məqamlar ortaya qoyulmaqdadır.
Bir çoxları bu prosesin niyə uzun illər ərzində reallaşmadığını, artıq bunun gec olduğunu və xüsusilə də hazırkı çətin iqtisadi dönəmdə bunun real görünmədiyini bildirir. Təbii ki, bu geniş və demək olar bütün ölkə ərazisinə sirayət edəcək əhəmiyyətli iqtisadi proses olduğundan, bu təşəbbüsün reallaşdırılması ilə bağlı detallı münasibət iqtisadçı mütəxəssislər tərəfindən bildirilməlidir.
Sadəcə, dövlətin iqtisadi sütunlarını təşkil edən nəhəng şirkətlərin də özəlləşdirilməsini nəzərdə tutan və ölkənin mövcud sosial-iqtisadi inkişaf konsepsiyasına ciddi şəkildə təsir göstərəcək bu prosesin siyasi tərəfləri də mühüm əhəmiyyətə malikdir".
X. Bəşirov özəlləşdirilməli olan dövlət müəssisələrinin və əmlakların dövlət üçün böyük iqtisadi yük daşıdığını və bunun müqabilində lazımi səmərəni vermədiyini deyib:
"Məntiqli özəlləşdirmə prosesinin istənilən ölkənin iqtisadiyyatında müsbət dinamikaya səbəb olması ilə bağlı ümumi məlum olan hallara toxunmaq istəməzdim. Sadəcə, ölkədə yeni özəlləşdirmə bumu yaradacaq bu prosesin, məhz hazırkı məqamda reallaşdırılmasını şərtləndirən amilləri vurğulamaq fikrindəyəm.
Bildiymiz kimi Azərbaycanda müstəqillik dövründə illər öncə analoji prosesin şahidi olmuşduq. Həmin dövrdə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı gözləntilər özünü doğrultmadı. Bunun da əsas məqsədi ölkədə mövcud olan məmur oliqarx təbəqəsi və onların öz şəxsi maraqlarını dövlət maraqlarından dəfələrlə üstün tutmaları ilə bağlı idi.
Sərəncamlarında böyük maliyyə vəsaitləri olan həmin şəxslər, istənilən mərhələdə bu prosesə qanunsuz müdaxilə etmək, vəziyyəti müxtəlif istiqamətlərdə dəyişmək və hətta lazım gələrsə, sabotaj xarakterli addımlar atmaqdan belə çəkinmirdilər.
Bu şərtlər daxilində, özəlləşdirmə ilə bağlı xarici investisiyanın ölkəyə daxil olması baxımından əvəzolunmaz əhəmiyyətə malik olan əcnəbi investorların da maraqlandırılması və bu prosesə cəlb olunması mümkünsüzləşməli idi. Təbii ki, belə bir arzuolunmaz şərtlər daxilində həmin prosesin davam etdirilməsi daha təhlükəli nəticələrə gətirib çıxaracağından, həmin prosesə fasilə verilməsi zərurəti yarandı.
Bu gün ölkədə uzun illər ərzində həyata keçirilən genişmiqyaslı proseslər nəticəsində həmin məmur oliqarxların heç bir geniş maliyyə imkanları olmayan və bu səbəbdən də, yalnız dövlətə səmərəli və peşəkar xidmətləri ilə seçilə biləcəklərini anlayan yeni nəsil məmurlarla əvəz olunması özəlləşdirmə prosesinin yenidən aktiv fazaya keçirilməsini şərtləndirən ən əsas nüans olduğunu düşünürəm.
Hazırkı şərtlərdə ölkə iqtisadiyyatında dayanıqlılıq təminatını daha da gücləndirəcək, geniş iqtisadi canlanma yaradacaq, dövlət büdcəsini geniş miqyasda izafi xərclərdən azad edəcək və eyni zamanda iqtisadiyyatımızın daha da böyüməsində mühüm rola malik olacaq xarici investisiyanın cəlb olunması baxımından da özəlləşdirmənin əvəzolunmaz əhəmiyyət daşıdığını düşünürəm".